BMT-də “Uşaqlar və silahlı münaqişələr” mövzusunda müzakirələr keçirilib

BMT-də “Uşaqlar və silahlı münaqişələr” mövzusunda müzakirələr keçirilib
  • Clock-gray 22:13
  • calendar-gray 05 Avqust 2019

BMT-nin Nyu-York şəhərindəki Mənzil Qərargahında Təhlükəsizlik Şurasının “Uşaqlar və silahlı münaqişələr” mövzusunda müzakirələr keçirilib.

Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, müzakirələrdə iştirak edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev tədbir iştirakçılarının diqqətini Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam edən təcavüzü zamanı beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması, o cümlədən hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər və soyqırımı aktlarının törədilməsi nəticəsində minlərlə dinc insanın, həmçinin uşaqların amansızcasına qətlə yetirildiyinə yönəldib.

Daimi nümayəndə 1992-ci ilin fevralında Xocalı şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində yüzlərlə azərbaycanlının, o cümlədən qadın, uşaq və qocaların amansızcasına qətlə yetirildiyini, yaralanıb və ya girov götürüldüyünü qeyd edib. Rəsmən atəşkəs rejiminin mövcud olmasına baxmayaraq, erməni silahlı qüvvələrinin cəbhəboyu və cəbhə xəttindən aralıda Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə dəfələrlə zərbələr endirdiyi və azyaşlı uşaqların qanlı təxribatların qurbanı olduğu vurğulanıb.

Zorakılıq silsiləsini dayandırmaq və onların qarşısını almaq üçün beynəlxalq humanitar hüquq normalarına əməl edilməsinin və cəzasızlığa son qoyulmasının vacib şərt olduğu qeyd edilib.

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin “Uşaqlar və silahlı münaqişələr” mövzusunda keçirilən debatda çıxışı:

"Cənab Prezident,

Öncə Polşanı Təhlükəsizlik Şurasının sədrliyini həyata keçirdiyi üçün təbrik etmək və bu gün çox mühüm mövzu olan “uşaqlar və silahlı münaqişələr” mövzusunda müzakirələri həyata keçirmək təşəbbüsünü alqışlamaq istərdim.
Azərbaycan Respublikası azyaşlıların silahlı münaqişələrdə iştirakı ilə bağlı uşaq hüquqları haqqında Konvensiyanın və uşaq hüquqları haqqında Konvensiyaya Fakultativ protokolun, həmçinin müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il Cenevrə Konvensiyasının iştirakçısıdır. Ölkə rəhbərliyi silahlı münaqişə zonalarında uşaqların hüquqlarının daha effektiv qorumasının təmin edilməsinə yönəlmiş beynəlxalq səyləri ardıcıl şəkildə dəstəkləyir.
Beynəlxalq, regional və milli səviyyələrdə uşaqlara qarşı ciddi hüquq pozuntularının qarşısının alınması və onlara münasibət bildirilməsi sahəsində müəyyən irəliləyiş əldə olunsa da, ciddi problemlər həll olunmamış qalır. Baş katibin hesabatına görə, Təhlükəsizlik Şurasının 1612 (2005) qətnaməsinə (A / 73/907 – S / 2019/509, maddə 6) uyğun olaraq, uşaqlar və silahlı münaqişələr barədə müşahidə və hesabatlıq mexanizminin yaradılmasından sonra uşaqların qətli və onlara bədən xəsarəti yetirilməsi halları bütün dünyada rekord səviyyədə artıb.
Uşaqların müdafiəsi üzrə effektiv səylər ayrı-seçkilikdən azad olmalı və onlar heç bir fərq qoyulmadan silahlı münaqişələrlə bağlı bütün şəraitləri, o cümlədən həlli uzadılmış və mülki əhaliyə və uşaqlara uzunmüddətli təsir edən münaqişələri əhatə etməlidir. Yaxın keçmişin səhvlərini, o cümlədən məktəb və xəstəxanalara hücumları, uşaqların öldürülməsi və onlara xəsarət yetirilməsi, azyaşlıların zorakı yerdəyişdirməsi və oğurlanması hallarını nəzərdən qaçırmaq olmaz.
Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam edən təcavüzü zamanı beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması, o cümlədən hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər və soyqırımı aktları törədilib. Erməni tərəfinin yürütdüyü yanmış torpaq siyasəti zəbt olunmuş ərazilərin bütün azərbaycanlılardan təmizlənməsi və minlərlə dinc insanın, o cümlədən uşaqların amansızcasına qətli və ya öldürülməsini ehtiva edirdi. Otuz ildən çox bir müddətdir ki, Azərbaycan dünyada ən çox qaçqın və məcburi köçkün olan ölkələrdən biri olaraq qalır və onların da çoxu azyaşlılardır.
1992-ci ilin fevralında münaqişənin ən böyük qırğını Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərinin dinc əhalisinə qarşı törədilib. Ermənistan silahlı qüvvələri tərəfindən şəhərə hücum və onun işğal edilməsi nəticəsində yüzlərlə azərbaycanlı, o cümlədən qadın, uşaq və qocalar qətlə yetirilib, yaralanıb və ya girov götürülüb, şəhər isə tamamilə dağıdılıb.
Azərbaycana qarşı müharibə nəticəsində 3888 Azərbaycan vətəndaşı, o cümlədən 718 mülki şəxs itkin düşüb ki, onlardan 71 nəfəri uşaqlar olub. İtkin düşənlər xüsusən münaqişənin gedişində erməni tərəfinin geniş tətbiq etdiyi müharibə aparılmasının amansız üsullarını nəzərə almaqla, onların taleyi üçün ciddi narahatlıq yaradan şəraitdə yoxa çıxıblar. Yerevan onun nəzarətində olan itkin düşmüş şəxslər barədə hesabatlılıqdan, həmçinin onların taleyinin tez bir zamanda və effektiv təhqiq edilməsindən imtina edir.
Rəsmən atəşkəs rejiminin mövcud olmasına baxmayaraq, erməni silahlı qüvvələri cəbhəboyu və cəbhə xəttindən aralıda Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə dəfələrlə zərbələr endirib. Belə ki, 2016-cı ilin aprelində intensiv atəş nəticəsində Azərbaycanın Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarında məktəblərin əksəriyyəti zərər görüb. Bu fakt Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarının idarəsinin Azərbaycanın zərər çəkmiş rayonlarına missiyasının başa çatmasından sonra dərc etdirdiyi 2016-cı il 15 may tarixli hesabatda da qeyd olunub.
Beynəlxalq hüquqa görə, təhsil təyinatlı binalara zərbələr endirilməsi hərbi cinayətdir. Həmçinin qeyd etmək lazımdır ki, məktəb və xəstəxanalara hücumlar BMT Baş katibinin silahlı münaqişələrdə uşaqların hüquqları üzrə Xüsusi nümayəndəsinin qeydə aldığı və barəsində məlumat verdiyi ciddi pozuntulardan biridir.
Zorakılıq silsiləsini dayandırmaq və onların qarşısını almaq üçün beynəlxalq humanitar hüquq normalarına əməl edilməli və cəzasızlığa son qoyulmalıdır. Törədilmiş cinayətlərin labüd nəticəsi olaraq, cavabdehlik sülh və uzunmüddətli barışıq istiqamətində mühüm şərtdir.

Təşəkkür edirəm".

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date