Əfqanıstan "ASAN xidmət"inin baş direktoru: "Ölkəmizdə "ASAN xidmət"in yaradılmasına dəstəyə görə Azərbaycana təşəkkür edirik"

Əfqanıstan "ASAN xidmət"inin baş direktoru: "Ölkəmizdə "ASAN xidmət"in yaradılmasına dəstəyə görə Azərbaycana təşəkkür edirik"
# 25 iyun 2019 12:14 (UTC +04:00)

"Dövlət xidmətlərinin səmərəli şəkildə göstərilməsi çox vacibdir ".

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərli Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində təşkil edilən "Dövlət xidmətlərinin gələcəyi: 2030 gündəliyi kontekstində hökumətin fəaliyyətinin qabaqcıl texnologiyaların gücü ilə əlaqələndirilməsi" panelində söyləyib.

A.Cəfərli deyib ki, "ASAN xidmət" mərkəzi şəbəkəsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən idarə olunur və bu qurum daha çox "ASAN xidmət" kimi tanınır: "İnnovasiyalar, rəqəmsallıq dövlət xidmətlərinin göstərilməsində mühüm yer tutur. Dövlətlə təmasda olan vətəndaş razı, yaxud narazı qala bilər. Biz ilk növbədə vətəndaşın razı qalmasına çalışmalyıq".

Aparat rəhbəri Azərbaycanın Əfqanıstanda "Asan xidmət"in qurulmasında yardım etdiyini söyləyib.

Əfqanıstanın "ASAN xidmət"inin baş direktoru Mohammed Chamkani çıxışında bildirib ki, Əfqanıstanda Azərbaycanda olduğu kimi eyni adlı qurum yaradılıb və Azərbaycanda olduğu kimi Əfqanıstanda "ASAN xidmət"in uğur qazanmasına çalışırlar: "Azərbaycanda olduğu kimi Əfqanıstanda da "ASAN xidmət" xidmətlərin bir pəncərədən göstərilməsidir. Azərbaycan tərəfi bunun üçün bizə müvafiq təlimlər təşkil edib. Azərbaycana Əfqanıstanda "ASAN xidmət"in yaradılmasına dəstək verdiyi üçün təşəkkür edirik. Bir məqamı qeyd edim. Əvvəllər Əfqanıstanda vətəndaş 20 günə pasport ala bilərdi. İndi vətəndaşlar ölkəmizdə "ASAN xidmət"də 1-2 günə, hətta bir neçə saata pasport ala bilər. Əvvəllər sahibkarlar vergi bəyannamələrini vermək üçün rüşvət verirdilər. İndi sahibkarlar "ASAN xidmət"ə gələrək 1-2 saata bütün vergi bəyannamələrini doldura bilərlər".

M.Chamkani nəzərə çatdırıb ki, yaxın 20 gün ərzin Xust əyalətində "ASAN xidmət" mərkəzi açılacaq: "İlin sonuna kimi isə daha 5 əyalətdə "ASAN xidmət" mərkəzi açılacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR