Elçin Əhmədov: “Azərbaycan Prezidenti Ermənistanın ərazi iddialarını, işğalçılıq siyasətini və faşist ideologiyasını faktlarla ifşa etdi"

Elçin Əhmədov: “Azərbaycan Prezidenti Ermənistanın ərazi iddialarını, işğalçılıq siyasətini və faşist ideologiyasını faktlarla ifşa etdi"
  • Clock-gray 13:55
  • calendar-gray 12 Oktyabr 2019

"Ermənistan-AzərbaycanŞ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən bəzi fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Bu baxımdan, Ermənistan baş nazirinin son vaxtlar sərsəm çıxışları, eyni zamanda, qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə əlaqədar tədbirlərin şişirdilərək ictimaiyyətə yanlış formada çatdırılması bu məqsədə xidmət etməklə yanaşı, beynəlxalq hüququn norma və prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir və ciddi narahatlıq doğurur.

Heç şübhəsiz ki, Ermənistan rəhbərliyinin əsas məqsədi işğal və hərbi təcavüzün məsuliyyətindən qaçmaq üçün Dağlıq Qarabağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi tanınmasını bütün vasitələrlə Azərbaycana qəbul etdirməyə çalışmaqdır. Bu baxımdan, Ermənistanın Dağlıq Qarabağa dair ərazi iddiaları tam əsassızdır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında, eləcə də  MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı tutarlı faktlarla sübut etdi".

Bu fikirləri APA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov deyib.

E. Əhmədovun sözlərinə görə, ilk növbədə, qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Dağlıq Qarabağ və Azərbaycanın digər 7 rayonunun 25 ildən çoxdur erməni işğalı altında olduğunu diqqətə çatdıraraq Ermənistanın əsassız ərazi iddialarını tarixi faktlara əsaslanaraq ifşa edib: "Bununla yanaşı, dövlət başçısı dünyaya bəyan etdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin bütün dünya tərəfindən qəbul edilmiş Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalıdır. Eyni zamanda, Prezident İlham Əliyev  diqqətə çatdırdı ki, əgər 25 ildən çox müddətdə Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar yerinə yetirilmirsə, onda bu, həmin təşkilatın səmərəliliyi ilə bağlı bir çox suallar doğurur: “Azərbaycanda bizi qətnamələrin yerinə yetirilməsinin reallaşdırılmasının seçmə xarakteri narahat edir. Bəzən onlar bir neçə gün ərzində yerinə yetirilir, bəzən isə müəyyən hərbi əməliyyatların həyata keçirilməsində onlara, ümumiyyətlə, ehtiyac qalmır. Bizimlə bağlı məsələdə isə qətnamələr kağız üzərində qalır”.

E. Əhmədov qeyd edib ki, bununla yanaşı, 27 ildən artıqdır, təcavüzkar Ermənistan aparılan danışıqlar prosesində həmişə qeyri-konstruktiv mövqedən çıxış edərək hər dəfə bu prosesi süni surətdə uzatmağa çalışır. Ermənistan rəhbərliyi tərəfindən tez-tez səsləndirilən bəzi fikirlər xüsusilə, ermənisayaq “Dağlıq Qarabağ xalqı” ifadəsi yoxdur və yanlışdır: "Bu baxımdan, dövlət başçısı bildirdi ki, “Dağlıq Qarabağ xalqı” məfhumu mövcud deyil. Dağlıq Qarabağın əhalisi var, münaqişə başlayana qədər bu, bərabər hüquqlara malik olan Azərbaycan və erməni əhalisindən ibarət idi: “Azərbaycan üçün hansı həll variantının məqbul olmasına gəldikdə isə, o, Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa olunması, qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmasından ibarətdir. Məlumdur ki, Valday klubu müasir dövrün aktual məsələlərinin müzakirə olunduğu platforma kimi yüksək dəyərləndirilir və bu gün müasir dünya nizamının qlobal aktual məsələlərinin müzakirəsi üçün çox mühüm beynəlxalq məkandır. Bu baxımdan,  Prezident İlham Əliyev Ermənistanın təcavüzkar siyasətini tarixi və hüquqi əsaslarla ifşa edərək  diqqətə çatdırdı ki, dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb və  Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağın tarixi, əzəli Azərbaycan torpağı olduğunu bildirən dövlət başçısı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün bu gün də davam etdiyini bildirərək dünyaya bəyan etdi: “Qarabağ Azərbaycandır və nida işarəsi”.

E. Əhmədob vildirib ki, bu nüfuzlu tribunadan Azərbaycan Prezidenti İlham Əliyevin münaqişənin həllinə dair hər zaman olduğu kimi qətiyyətli və prinsipial mövqeyi təkcə təcavüzkar Ermənistana deyil, eləcə də dünyaya bir mesaj olub: "Bunun ardınca oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edən Prezident İlham Əliyev işğalçı Ermənistanın faşist ideologiyasını dövlət siyasətinə çevirdiyini diqqətə çatdıraraq bir daha dünyaya bəyan etdi: “Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib”.

Dövlət başçısı vurğuladı ki, 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim ediv və həmin məruzədə deyilir: “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”.

Prezident İlham Əliyev tutarlı faktlara əsaslanaraq təcavüzkar Ermənistanın faşist ideologiyasını ifşa edərək onu dövlət  siyasətinə çevirdiyini bildirdi ki, Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə  deyilir: “Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Dövləti başçısı vurğuladı  ki, burada şərhə ehtiyac yoxdur. Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu.

Bununla yanaşı, Prezident İlham Əliyev 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəlinin qoyulduğunu, Ermənistanın yeni hakimiyyətinin bu heykəli götürmədiyini bildirərək diqqətə çatdırdı  ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur.

Bütün bunlar onu söyləməyə əsas verir ki, Azərbaycan Prezidenti İlham Əliyev “Valday” beynəlxalq toplantısında, eləcə də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən və tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirməyən bəzi fikirlərə və əsassız iddialara tam aydın və konkret şəkildə cavab verdi. Bununla da,  dövlət başçısı Ermənistanın işğalçılıq siyasəti və faşist ideologiyası yürütdüyünü bir daha dünyaya bəyan edərək Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi tanındığını diqqətə çəkdi və ölkəmizin milli maraqlarının hər şeydən üstün tutulduğunu bildirdi.

Ümumilikdə, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan baş nazirinin son vaxtlar sərsəm çıxışlarına əsil “nida” işarəsi qoydu və dünya birliyinin diqqətinə çatdırdı ki, Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarını pisləməli, onun qarşısını almalıdır".

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date