Elmar Məmmədyarov Ənvər Qarqaşı və Elvin Bots ilə görüşüb

Elmar Məmmədyarov Ənvər Qarqaşı və Elvin Bots ilə görüşüb
# 23 oktyabr 2019 19:21 (UTC +04:00)

Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaşı ilə görüşüb.

XİN-dən APA-ya verilən məlumata görə, görüşün əvvəlində nazir Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarına Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş medalı təqdim edib. Qarşı tərəf təltif üçün nazir Məmmədyarova səmimi təşəkkürünü ifadə edib.

Görüşdə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

Nazir Ənvər Qarqaşı, Qoşulmama Hərəkatının nazirlər toplantısının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür etdi və ölkəmizin təşkilata sədrliyi münasibətilə Azərbaycan tərəfinə təbriklərini çatdırıb.

Elmar Məmmədyarov yüksək səviyyəli qarşılıqlı səfərlərin iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb. Bakıda keçirilən Qoşulmama Hərəkatı nazirlər konfransında Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaşın iştirakının önəmini qeyd edib.

Ənvər Qarqaşı ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini bildirdi və BƏƏ-dən Azərbaycana gələn turistlərin sayının ildən-ilə artmasını məmnunluqla vurğulayıb.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələlərini də müzakirə ediblər.

Görüşün sonunda Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaşı Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş Xatirə kitabına öz ürək sözlərini yazıb.

Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Cənubi Afrika Respublikasının Beynəlxalq Əlaqələr və Əməkdaşlıq nazirinin müavini Elvin Bots ilə də görüşüb. Tərəflər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin cari vəziyyətindən məmnunluq ifadə edərək, iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini vurğulayıblar.

İki ölkədə qarşılıqlı qaydada fəaliyyət göstərən diplomatik nümayəndəliklərin Azərbaycan – CAR münasibətlərinin inkişafında və siyasi təmasların saxlanılmasında oynadığı vacib rolu qeyd edən həmsöhbətlər onların mövcud əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə dair əminlik ifadə ediblər.

Qeyd olunub ki, həyata keçirilən qarşılıqlı ikitərəfli səfərlər və beynəlxalq forumlar çərçivəsində uğurlu əməkdaşlıq hər iki ölkənin mənafelərinə uyğun olaraq uğurla davam etdirilir. Bu mənada, Nazir Elmar Məmmədyarov CAR-a etdiyi səfəri bu əməkdaşlığın bariz nümunəsi kimi xatırladıb.

Sonra Elmar Məmmədyarov Afrika İttifaqı ölkələri arasında CAR-ın Azərbaycan üçün əsas tərəfdaşlardan olduğunu məmnuniyyətlə qeyd edərək, enerji və digər sahələrdə əməkdaşlığa əlavə təkan verilməsinin vacibliyini qeyd edib.

CAR rəsmisi, öz növbəsində, ticarət əlaqələrinin daha da fəallaşdırılmasının əhəmiyyətini vurğulayıb.

Nazir Elmar Məmmədyarov, həmçinin QH ilə G-77 arasında əlaqələndirilmiş fəaliyyətin əhəmiyyətinə diqqət yetirdi.

Bununla yanaşı, tərəflər qarşılıqlı maraq doğuran digər qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR