Hindistan-Azərbaycan Biznes Simpoziumu keçirilib - FOTO

 Hindistan-Azərbaycan Biznes Simpoziumu keçirilib - FOTO
# 21 noyabr 2019 19:30 (UTC +04:00)

Hindistan-Azərbaycan Biznes Simpoziumu keçirilib.

APA-nın xəbərinə, tədbir Hindistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.

Azərbaycanda səfərdə olan Hindistan Sənaye Konfederasiyasının nümayəndə heyəti Azərbaycan-Hindistan Biznes Simpozumunda iştirak edib.

Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna bildirib ki, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları var və qarşılıqlı səfərlər əməkdaşlığı daha da genişləndirir.

Diplomat hindistanlı investorların Azərbaycandakı biznes mühiti barədə məlumatlı olduğunu və bu mühüm bazardan faydalanmaq istədiklərini deyib.

B. Vanlalvavna vurğulayıb ki, onun ölkəsi dünyanın 7-ci ən böyük iqtisadiyyatına sahibdir və iqtisadi göstəricilər növbəti illər üçün böyük vədlər verir.

Səfir qeyd edib ki, Hindistan kənd təsərrüfatı, kimya sənayesi, müdafiə sənayesi, tikinti sənayesi və s. digər sahələrdə böyük uğurlar qazanıb.

Səfir bildirib ki, Azərbaycan Hindistanın ixrac siyahısında 4-cü yerdə qərarlaşıb və ümumi ixracın 5,5 faizini təşkil edir. Səfirin sözlərinə görə, bu ilin ilk doqquz ayı ərzində ticarət dövriyyəsində təxminən 13 faiz artım qeydə alınıb və ticarət dövriyyəsi 928.91 milyon dollar olub ki, bunun 104 milyon dolları ixracın, 824 milyon dolları isə idxalın payına düşür.

Səfir qeyd edib ki, bugünkü simpoziumda turizm, dəmir yolları və logistika, kənd təssərüfatı, neft və qaz sənayesini təmsil edən nümayəndələr iştirak edir.

Səfir deyib ki, ötən il Azərbaycana səfər edən turistlərin sayı 40 000 nəfər olub və bu rəqəm bu il daha da artıb.

Daha sonra Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev çıxış edərək bildirib ki, bu cür biznes dialoqlar və sərgilər iki ölkənin investorlarını daha da ruhlandırır və onlar ölkələrdəki biznes mühitini öyrənirlər. Hindistan və Azərbaycan arasında yaradılan Hökumətlərarası Komissiyanın mühüm rolu olduğunu qeyd edən nazir müavini Komissiyanın indiyə kimi 5 iclasının keçirildiyini deyib.

N. Quliyev qeyd edib ki, iki ölkə arasında ətraf mühitin qorunması ilə bağlı memorandum imzalanıb və hazırda bu sənədə Hindistan tərəfindən baxılır. Nazir müavini qeyd edib ki, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi ikitərəfli əlaqələrə müsbət təsir göstərir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov deyib ki, turizm və innovasiyalar sahəsində əməkdaşlıq üçün böyük potensial var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR