İsveçrə Azərbaycanla həyatın müxtəlif sahələrində əlaqələrin dərinləşməsində maraqlıdır

İsveçrə Azərbaycanla həyatın müxtəlif sahələrində əlaqələrin dərinləşməsində maraqlıdır
# 09 oktyabr 2019 20:14 (UTC +04:00)

Milli Məclisin sədri Oqtay Əsədov İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniyenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, spiker Azərbaycanla İsveçrənin dost və tərəfdaş ölkələr olduğunu qeyd edib:

“Ölkəmiz onun müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi İsveçrə ilə əməkdaşlığın dərinləşməsinə xüsusi önəm verir. Əlaqələrimizin bugünkü səviyyəyə çatmasında yüksək səviyyəli qarşılıqlı səfərlərin rolu böyük olmuşdur. Hər iki ölkə prezidentlərinin müxtəlif dövrlərdə qarşılıqlı səfərləri, Davos İqtisadi Forumu çərçivəsində keçirilən görüşlər münasibətlərimizin daha da dərinləşməsinə xidmət edir. İndiyədək ölkələrimiz arasında 23 sənəd imzalanıb”.

Oqtay Əsədov bildirib ki, ölkəmizdə əlverişli investisiya mühiti var: “1995-ci ildən bu günədək İsveçrə tərəfindən Azərbaycana 860 milyon ABŞ dolları həcmində investisiya yatırılmışdır. Hal-hazırda Azərbaycanda 60 İsveçrə şirkəti fəaliyyət göstərir. Bu ölkənin “Holcim” şirkəti ölkənin daxili bazarında uğurla fəaliyyət göstərir. İsveçrənin “Stadler Rail” şirkəti ölkəmizdə qatar istehsalı və təmiri zavodunun tikintisində iştirak edir. Ötən il Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsi 650 milyon ABŞ dolları təşkil edib. Bu ilin yanvar-avqust ayları ərzində bu göstərici 1 milyard 300 milyondan artıq olub. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin işə düşməsi ilə ölkəmiz həm də Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat qovşağına çevrilib”.

Spiker bildirib ki, hər iki ölkə parlamentində dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir: “Deputatlarımızın qarşılıqlı səfərləri parlamentlər arasında əlaqələrin inkişafına öz müsbət təsirini göstərir. Bu gün dinamik inkişaf edən Azərbaycanın ən ağrılı problemi Dağlıq Qarabağ münaqişəsidir. Biz inanırıq ki, bu münaqişə tezliklə beynəlxalq hüquq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında öz ədalətli həllini tapacaq”.

Səmimi qəbul üçün minnətdarlığını bildirən İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniye ölkəmizə ilk səfəri çərçivəsində aparılan danışıqlardan məmnun qaldığını bildirib: “İsveçrə Azərbaycanla həyatın müxtəlif sahələrində əlaqələrin dərinləşməsində maraqlıdır. Parlamentlər səviyyəsində münasibətlərin genişlənməsi ümumi məqsədlərə xidmət edir. Bu sahədə əldə edilən uğurlar xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına, iqtisadi, mədəni əməkdaşlığın genişlənməsinə öz müsbət təsirini göstərir”.

Qonaq İsveçrənin Azərbaycanın təşəbbüskarı olduğu enerji layihələrini dəstəklədiyini qeyd edərək, ölkənin müstəqillik illərində qazandığı uğurları yüksək qiymətləndirib.

Görüşdə Milli Məclis Sədrinin müavini Bahar Muradova, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin İsveçrədəki səfiri Xanım İbrahimova, İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Muriel Peneveyre və digər rəsmi şəxslər iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR