İsmət Uçma: “Digər türkdilli dövlətlərin sıralarımıza qoşulması TÜRKPA-nı daha da gücləndirər” - MÜSAHİBƏ

İsmət Uçma: “Digər türkdilli dövlətlərin sıralarımıza qoşulması TÜRKPA-nı daha da gücləndirər” - MÜSAHİBƏ
# 13 iyul 2019 13:00 (UTC +04:00)

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Hüquqi məsələlər və beynəlxalq əlaqələr komissiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin üzvü İsmət Uçmanın APA-ya müsahibəsi.

- İsmət bəy, TÜRKPA-ya daxil olan 4 dövlət – Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan başqa, digər türkdilli dövlətlər Türkmənistan və Özbəkistanın da TÜRKPA-ya üzv olmaq hüququ var?

- Bildiyiniz kimi, TÜRKPA 21 noyabr 2008-ci ildə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentləri arasında imzalanan sənədə əsasən yaradılıb. TÜRKPA-nın qurulmasına dair İstanbul anlaşmasının 10-cu maddəsinə görə, digər türkdilli ölkə parlamentləri bütün tərəflərə yazılı bildiriş verməklə bu anlaşmaya qoşula bilər. Məmnuniyyətlə digər türkdilli ölkələri istər üzv, istərsə də müşahidəçi qismində TÜRKPA-ya qatılmağa dəvət edirik. Onların sıralarımıza qoşulması TÜRKPA-nı həm hüquqi, həm də praktiki baxımdan çox gücləndirə bilər.

- Türk Dünyası Parlamentlər Birliyinin rəhbəri, keçmiş millət vəkili Nail Çələbi Avropa İttifaqına oxşar bir Türk İttifaqı yaradılmasını təklif edir. TÜRKPA-nın bu məsələyə münasibəti necədir?

- TÜRKPA türkdilli dövlətlərin parlamentləri və hökumətləri arasında əlaqələrin inkişafına dəstək verən parlamentlərarası təşkilatdır. Ortaq etnik, mədəniyyət və tarixlə bir-birinə bağlı olan türkdilli ölkələrin TÜRKPA çərçivəsində əməkdaşlığının gələcəyi Azərbaycan da daxil olmaqla, bütün üzv dövlətlərin ortaq qərarları ilə reallaşa bilər. Türkdilli ölkələrin yaratdığı bir çox beynəlxalq təşkilatlar bu gün fəaliyyətlərini davam etdirməkdədirlər. Bu təşkilatların koordinasiyalı şəkildə fəaliyyəti bütün türk dövlətlərinin lehinədir. Əlbəttə ki, gələcəkdə məlum təşkilatların Avropa İttifaqına bənzər bir təşkilata çevrilməsi hamımız üçün faydalı ola bilər. Bu istiqamətdə Azərbaycanın və Türkiyənin liderliyi əlbəttə çox əhəmiyyətlidir.

- Türkdilli ölkələrin ümummilli maraqlarının müdafiəsi üçün TÜRKPA nə təklif edir?

- Təəssüf ki, son illərdə xüsusən də Qərbi Avropa və Amerikada türklərə və müsəlmanlara qarşı ayrı-seçkilik siyasəti həyata keçirilir. Baş verən prosesləri yaxından izləyirik. İslamofobiyanın dünya miqyasında hər ötən gün artdığını müşahidə etməkdəyik. Bəzi dövlətlər buna dəstək verir, hətta açıq-aşkar mövqe nümayiş etdirirlər. Türkiyə hər addımda bu problemləri dilə gətirərək vaxt itirmədən lazımi tədbirlərin görülməsi üçün əlindən gələni edir. TÜRKPA nəzdindəki Sosial, mədəni və humanitar məsələlər komissiyası hər il mütəmadi iclaslar keçirir. İclaslar zamanı türkdilli dövlətlərin və xalqların mədəni dəyərləri ilə bağlı məsələlər müzakirə olunur. Baş Məclis tərəfindən hazırlanan hesabatlar və tövsiyələr təsdiq olunduqdan sonra, müvafiq ölkələrin parlamentlərinə göndərilir.

Eyni zamanda türkdilli dövlətlərin ortaq televiziya kanalının yaradılması da gündəlikdədir. Bundan başqa, komissiya iclaslarında TÜRKPA-ya üzv dövlətlər arasında ortaq dilin inkişaf etdirilməsi üçün “Türk terminologiyasının yaradılmasında təməl məsələlər” və “Türk dili günü” elan edilməsi ilə bağlı təklif, tövsiyələr hazırlanıb.

- Türkdilli ölkələrin həqiqətlərinin, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqların dünyaya çatdırılması istiqamətində TÜRKPA-da hansı işlər aparılır?

- Hər il mütəmadi olaraq TÜRKPA-nın Baş Məclisinin iclaslarında üzv ölkələrə aid bütün sosial, mədəni, iqtisadi və siyasi məsələlər müzakirə olunur, sonra yekun bəyanat verilir. Bu bəyanatlarda TÜRKPA-ya üzv dövlətlərə aid bütün sosial, mədəni, iqtisadi və siyasi məsələlər ətraflı şəkildə əks olunur, üzv ölkələrin haqlı mövqeləri, o cümlədən də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır.

- Üzv dövlətlərin parlamentlərindəki bütün millət vəkillərinin TÜRKPA-da təmsil olunma hüququ var?

- İstanbul Anlaşmasının 4-cü maddəsinə görə, hər bir ölkənin parlament nümayəndə heyəti məclisin sədri də daxil olmaqla 9 deputatdan ibarətdir. TÜRKPA parlament nümayəndə heyətində yer alan millət vəkilləri hər ölkə parlamentinin daxili prosedurlarına uyğun olaraq müəyyənləşdirilir. Hüquqi baxımdan olmasa da, mənəvi baxımdan üzv ölkələrdəki bütün millət vəkilləri TÜRKPA-nın üzvü hesab oluna bilər.

- TÜRKPA fəaliyyətini daha da genişləndirmək üçün digər nüfuzlu beynəlxalq təşkilatlara müşahidəçi qismində qoşula bilər?

- TÜRKPA yarandığı gündən beynəlxalq təşkilatlarla qarşılıqlı şəkildə əməkdaşlıq edir. TÜRKPA parlament diplomatiyasının inkişafına, regionda, eləcə də daha geniş coğrafiyada beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasına və inkişafına çalışır. TÜRKPA Parlamentlərarası İttifaq, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında müşahidəçi statusa sahibdir. Eyni zamanda, Müstəqil Dövlətlər Birliyi (MDB) və GUAM Parlament Assambleyalarının tədbirlərinə mütəmadi olaraq qatılırıq. Macarıstan parlamenti 2014-cü ildən etibarən TÜRKPA-da müşahidəçi statusuna malikdir.

Onu da vurğulayım ki, TÜRKPA olaraq ATƏT-in əsas iclaslarına da qatılırıq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR