NATO PA-da “Barış bulağı” hərbi əməliyyatları müzakirə edilib

 NATO PA-da “Barış bulağı” hərbi əməliyyatları müzakirə edilib
# 15 oktyabr 2019 15:01 (UTC +04:00)

Böyük Britaniyanın paytaxtı Londonda NATO Parlament Assambleyasının (PA) növbəti 65-ci payız sessiyası keçirilib.

APA-nın xəbərinə görə, NATO PA-da Azərbaycan nümayəndə heyətini Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev təmsil ediblər.

M. İbrahimqızı bildirib ki, NATO PA-nın ümumi qaydalarına görə sessiyanın gündəliyində olan mövzular öncədən təsdiq olunduqdan sonra iştirakçılara veriilir: “Sözsüz ki, hər zaman olduğu kimi, bu sessiyada da ermənipərəst qüvvələr tərəfindən Azərbaycan üçün gözlənilməz təxribatların ola biləcəyinə hazır idik. Eyni zamanda bu gün dünya mətbuatının gündəmində olan qardaş Türkiyənin terrora qarşı başladığı “Barış bulağı” hərəkatına qarşı qərəzli mövqelərin, antitürk əhvalının ola biləcəyini düşünürdük. Gözlədiyimiz kimi də oldu. Belə ki, elə iclasın başlaması elan olunan kimi Türkiyə ordusunun Suriyanın şimalında apardığı hərbi əməliyyatların müzakirə olunacağı bildirildi. Ümumiyyətlə, prosedura görə gündəlikdə olan məsələlər müzakirə olunmalı idi və bu mənada sessiyada qəbul olunacaq qətnamə layihəsi üçün öncə hesabat müzakirə edildi. Bu sessiyanın komitə iclasında müzakirəyə təqdim edilən elə ilk hesabatda ölkəmizlə bağlı bəzi qərəzli yanaşmalar var idi. Təbii ki, mən bir neçə dəfə söz alaraq çıxış etdim və bu cür qərəzli yanaşmaların və əsası olmayan “faktların” qətnamə layihəsinə salınmasının yolverilməz olduğunu bildirdim. Prosedura görə, NATO PA-nın qəbul etdiyi sənədlər, eləcə də qətnamələr öncə müvafiq komitələrdə, sonra isə ümumi plenar iclasda müzakirə olunaraq qəbul olunur. Yəni komitələrdə qəbul edildikdən sonra plenar iclasda qəbul edilir. Mənim çıxışım və təkliflərim komitənin iclasında iştirak edənlər və məruzəçi tərəfindən nəzərə alındı. Qeyd etdiyim kimi, hesabatdakı əsassız “faktlar” qətnamə layihəsinə salınmadan komitə iclasında səsvermə yolu ilə qəbul olundu və təsdiq üçün plenar iclasa tövsiyə olundu. Komitə iclasında bu layihə çox ətraflı müzakirə olunduğu üçün plenar iclasda müzakirə çox uzun olmadı və qəbul olundu. Beləliklə, Azərbaycana qarşı növbəti ədalətsiz və ikili standartın qarşısı alındı".

M. İbrahimqızı deyib ki, Türkiyənin terrora qarşı başladığı “Barış bulağı” Hərəkatının NATO PA-nın builki payız sessiyasının iclasında gözlənilmədən müzakirə olunacağı elan edilmişdi: “Yəni artıq neçə illərdir ki, NATO üzvü olan Türkiyə qlobal terrora qarşı təkbaşına mübarizə aparır. Yaxın Şərqdən gələn 5 milyon qaçqına ev sahibliyi edir. Əslində isə NATO-nun nizamnaməsində qeyd edilir ki, üzv ölkənin biri təhlükə ilə üzləşirsə, digər üzv ölkələr də ona dəstək verməlidir. Amma çox təəssüf ki, əksinə bir mənzərənin şahidi oluruq. Əlbəttə, belə müzakirələrdə hər zaman Türkiyənin yanındayıq. Müzakirələrdə bəzi çıxış edənlər Türkiyə tərəfindən həyata keçirilən əməliyyata hətta işğal əməliyyatı adı verməyə çalışırdılar. İclasda çıxış edərək bildirdim ki, NATO-nun qurucu dövlətlərindən olan qardaş Türkiyə indi öz ölkəsini, ərazi bütövlüyünü, əhalisini, dövlətini müdafiə edir. Ancaq üzvü olduğu təşkilat ikili standartlarla münasibət bildirir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR