Pakistan səfiri: "Hindistanın bu addımı BMT qərarlarına ziddir və Kəşmirin statusunu dəyişməyə yönəlib"

Pakistan səfiri: "Hindistanın bu addımı BMT qərarlarına ziddir və Kəşmirin statusunu dəyişməyə yönəlib"
# 14 avqust 2019 12:23 (UTC +04:00)

"Bu gün Pakistanın müstəqillik günü qeyd olunur. Bu gün biz həm də Kəşmir xalqı ilə əmin-amanlığımızı qeyd edirik. 1947-ci il 14 avqust müstəqilliyindən sonra Kəşmirin öz müqəddəratını həll etməyi qərara almasına və BMT-nin qətnamələr çıxarmasına baxmayaraq, Hindistan buna imkan verməyib".

APA-nın məlumatına görə, bunu Pakistanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Səid Xan Mohmand deyib.

Diplomat bildirib ki, Hindistan Konstitusiyasında edilmiş 5 avqust 1954-cü il dəyişikliyinə görə kəşmirlilər öz müqəddəratlarını müəyyən edə bilərlər, lakin Hindistan buna imkan vermir: "Hazırda vəziyyətlə əlaqədar Kəşmirin liderləri Mahbuba Mufti, Omar Abdulla, Fariq Abdulla və digərləri həbsxanadadır. Cəmmu və Kəşmirdə Hindistanın 60 minlik hərbi qüvvəsi olmasına baxmayaraq, regiona 38000 nəfərlik əlavə qüvvə yeridilib və 9 gündür, ərazidə komendant saatı tətbiq olunur. TV və internetin fəaliyyəti dayandırılıb, Hindistanın nəzarətində olan Kəşmirlə dünyanın əlaqəsi kəsilib. Bu qərara etiraz mitinqlərində Hindistan hərbi qüvvələri qəlpəli bombalardan istifadə ediblər”.

Kəşmir əhalisnin əsas gəlir mənbəyinin turizm olduğunu qeyd edən pakistanlı diplomat Hindistan hökumətinin turistlərə ərazini tərk etməsi barədə xəbərdarlıq etdiyini, nəticədə kəşmirlilərin iqtisadi çətinliklərlə üzləşdiyini vurğulayıb.

“Son vəziyyət Hindistanda da qınağa səbəb olub. Belə ki sikxlər və xristianlar, o cümlədən Hindistan müxalifəti də hökumətin Kəşmirlə bağlı bu qərarını qınayıb. Son beş ildə Hindistanın hakim partiyası müsəlmanlara qarşı düşmənçiliklə yadda qalıb. Onlar tək müsəlmanlar deyil, xristianlara da təzyiq göstərirlər. Bu illər ərzində kilsələri belə yandırıb, xristianları hindu dininə sitayiş etməyə məcbur ediblər”, - deyə diplomat qeyd edib.

Kəşmirin statusu ilə bağlı Hindistan Konstitusiyasında 370 və 35A maddələrinin dəyişdirilməsinin səbəblərinə toxunan səfir qərarın səbəblərindən birinin də "Hindistan hindular üçündür" düşüncəsini yaymaq olduğunu vurğulayıb: "Artıq hindular Kəşmirdə torpaq ala və orada məskunlaşa biləcəklər, beləliklə ərazidə demoqrafik vəziyyət dəyişəcək və hindular BMT-də iddialarla çıxış edə biləcəklər”.

Sözügedən qərardan sonra Pakistan-Hindistan münasibətlərinə toxunan Səid Xan Mohmand bildirib ki, Hindistanla diplomatik əlaqələr dayandırılıb, Pakistanın Hindistandakı səfiri geri çağırılıb, Hindistanın Pakistandakı səfirinə ölkəni tərk etmək barədə xəbərdarlıq olunub: “O cümlədən iki ölkə arasında qatarların hərəkəti dayandırılıb. Ticarət dövriyyəsi də dayandırılıb və digər ikitərəfli sazişlər gözdən keçirilir”.

Hindistan hökumətinin Cəmmu və Kəşmirlə bağlı qərarının BMT-də müzakirəyə çıxarılması üçün müraciət olunduğunu qeyd edən pakistanlı səfir məsələnin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ilə də müzakirə olunacağını deyib.

O, Baş nazir İmran Xanın yaranmış vəziyyəti qardaş ölkələrlə - Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı və digərləri ilə müzakirə etdiyini də bildirib: "Pakistan XİN BMT-yə rəsmi müraciət edib. Hindistanın bu qeyri-qanuni addımı BMT-nin qərarlarına ziddir və Kəşmirin statusunu dəyişməyə yönəlib. Hindistan hökumətinin qərarı Kəşmirdə iqtisadi faciə yaradır. Artıq Kəşmirdə 9 nəfər Hindistan hərbi qüvvələri tərəfindən qətlə yetirilib. Bütün bunlarla yanaşı, Hindistan, Pakistan, Çin nüvə ölkələridir və regionda baş verəcək hadisələr böyük faciələrə səbəb ola bilər".

Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatında Kəşmir münaqişəsi ilə bağlı Təmas qrupunun üzvü olduğunu qeyd edən səfir baş verənlərlə bağlı Azərbaycan XİN-də olduğunu, vəziyyət barədə məlumat verdiyini deyib: "Azərbaycandan tam dəstək gözləyirik və inanırıq ki, Azərbaycan dəstəyi verəcək. Bir daha qeyd edim ki, Hindistan hökumətinin qərarı beynəlxalq normalara ziddir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR