Polad Bülbüloğlu: "Ermənistanda faşist Njdenin qəhrəmanlaşdırılması faktına indiyədək lazımi reaksiya verilməyib"

Polad Bülbüloğlu: "Ermənistanda faşist Njdenin qəhrəmanlaşdırılması faktına indiyədək lazımi reaksiya verilməyib"
# 08 avqust 2019 22:49 (UTC +04:00)

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Avrasiya Xalqları Assambleyası” Qeyri-hökumət təşkilatlarının beynəlxalq ittifaqının baş katibi Andrey Belyaninovu, onun birinci müavini - Avrasiya Xalqları Assambleyasının baş katibliyinin rəhbəri Svetlana Smirnovanı, müavini Mixail Fyodorovu, Assambleyanın baş katibliyinin rəhbərinin layihə fəaliyyəti üzrə müavini Tatyana Fyodorovanı, beynəlxalq əməkdaşlıq üzrə müavini Yuliya Petrovanı və Assambleyanın beynəlxalq mədəniyyət əməkdaşlığı şurasının sədri Elmira Şerbakovanı qəbul edib.

APA-nın Moskva bürosunun məlumatına görə, görüşdə rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, həyata keçirdikləri layihələr haqqında məlumat verən A.Belyaninov, 2019-cu ilin 29 sentyabr – 5 oktyabr tarixlərində Azərbaycan Respublikasında LİFFT-2019 IV Avrasiya ədəbiyyat festivalının təşkil olunacağını diqqətə çatdırıb. Baş katib sözügedən tədbirin Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirildiyini vurğulayaraq, həmin ərəfədə ölkəmizdə daha bir tədbirin – Avrasiya Xalqları Assambleyası günlərini keçirmək istədiklərini bildirmiş və bu məsələdə Azərbaycan tərəfindən müvafiq köməklik göstərilməsini xahiş edib. O, oxşar tədbirlərin Monqolustan və Bolqarıstanda da keçirildiyini bildirib.

P.Bülbüloğlu Assambleyanın fəaliyyətinə dair verilmiş ətraflı məlumata görə qarşı tərəfə təşəkkürünü ifadə edərək, səsləndirilən təklifin nəzərdən keçiriləcəyini diqqətə çatdırıb.

Həmçinin görüş əsnasında regionda baş verən proseslər müzakirə olunub. Bu kontekstdə P.Bülbüloğlu diqqəti son günlər Ermənistan rəhbərliyinin etdiyi məsuliyyətsiz bəyanatlara çəkərək, onların danışıqlar prosesinə ciddi xələl gətirdiyini qonaqların diqqətinə çatdırıb.

Mixail Fyodorov təmsil etdiyi təşkilatın “Sülh və quruculuq naminə birgə qalib olduq” adlı layihəsi haqqında danışıb.

Azərbaycanın səfiri son dövrlər radikal milliyyətçiliyin təzahür etdiyini, faşizmin qəhrəmanlaşdırılması cəhdlərinin müşahidə olunduğunu bildirərək belə halların artmasından narahatlığını ifadə edib. Diplomat misal kimi Ermənistanda Qaregin Njdeyə abidənin ucaldılmasını göstərib. Bundan əlavə, o, Ermənistan dövlət rəsmilərinin açılış mərasimində iştirakı faktını önə çəkərək, belə halların olduqca təhlükəli olduğunu vurğulayıb və buna indiyədək lazımi reaksiyanın verilmədiyini təəssüflə qeyd edib.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR