Türk Şurası daxilində humanitar yardımla bağlı işçi qrup yaradılacaq

Türk Şurası daxilində humanitar yardımla bağlı işçi qrup yaradılacaq
# 11 oktyabr 2019 11:11 (UTC +04:00)

Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Bakıda keçiriləcək VII Zirvə Görüşü çərçivəsində ADA Universitetində təşkil edilən “Türkdilli Dövlətlərin rəsmi inkişaf agentliklərinin beynəlxalq yardım sisteminə inteqrasiyasının təşviqi: Səmərəli humanitar və inkişafa yardım üzrə əməkdaşlıq” mövzusunda konfrans keçirilib.

APA-nın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) tərəfindən Türk Şurası, BMT-nin Humanitar İşlər üzrə Koordinasiya Ofisi (OCHA), BMT İnkişaf proqramı və ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində təşkil olunmuş konfrans Türkdilli dövlətlərin rəsmi inkişafa yardım agentliklərinin, eləcə də inkişafa yardım üzrə ixtisaslaşmış regional və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələrini bir araya gətirib.

Tədbirin əsas məqsədi Türk Şurası ölkələri və iştirakçı qurumların humanitar yardım və inkişafa yardım fəaliyyətlərini nümayiş etdirmək, inkişafa yardım agentlikləri və yardımdan faydalanan ölkələrin qarşılaşdıqları çətinliklər, onların həlli perspektivlərini müzakirə etmək və türkdilli ölkələrin müvafiq inkişafa yardım agentlikləri arasında səmərəli koordinasiyanı təmin etməkdir. Bu məqsədlə Türk Şurası daxilində humanitar yardım və beynəlxalq inkişafa yardım sahəsində işçi qrup/yüksək səviyyəli nümayəndələr şəklində yeni əməkdaşlıq platforması təsis ediləcək.

Tədbiri açıq elan edən ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə deyib ki, tədbirdə Türkdilli dövlətlər arasında əməkdaşlıq, beynəlxalq inkişaf agentliklərinin təcrübəsi ilə bağlı müzakirələr aparılacaq.

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov konfransda “Türkdill dövlətlərin rəsmi inkişaf agentliklərinin beynəlxalq yardım sisteminə inteqrasiyasında Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) rolu” mövzusunda çıxış edib.

Ə. Əmiraslanov bu konfransın Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin (AİDA) təşkilatçılığı ilə keçirildiyini söyləyib: “Türk ölkələrini birləşdirən bu beynəlxalq təşkilat 2009-cu ilin oktyabrın 3-də Naxçıvanda yaradılıb. Türk Şurasının yaradılmasında Ümummilli lider Heydər Əliyev mühüm rol oynayıb. Türk Şurasının yaradılmasında Türkiyə və Qazaxıstanın sabiq prezidentləri Süleyman Dəmirəl və Nursultan Nazarbayevin də rolunu da qeyd etmək istəyirəm. Bu yaxınlarda Özbəkistan da Türk Şurasında təmsil olunmağa qərar verib və yaxın günlərdə Bakıda keçiriləcək Türk Şurasının VII Zirvə Görüşündə iştirak edəcək. Arzulayardıq ki, Türk Şurasında təmsil olunan dövlətlərin sayı artsın, ən azı yaxın vaxtlarda 6-ya çatsın. Macarıstanın da Türk Şurasında müşahidəçi qismində təmsil olunması mühüm hadisədir. Türkdilli Dövlətlərin Parlament Assambleyası Türk Şurasından bir il əvvəl yaranıb və effektiv fəaliyyət göstərməkdədir. TürkPA-nın əsas vəzifələrindən biri də Türk Şurası daxilində inteqrasiyanı sürətləndirmək üçün qanunvericilik aktlarının yaradılmasıdır. Ortaq türk əlifbası ilə bağlı da geniş müzakirələr aparılıb. Belə ümumi rəyə gəlmişik, Azərbaycan əlifbası müəyyən dəyişikliklərlə ortaq türk əlifbası üçün daha məqbuldur. Eyni zamanda ortaq tarix, ədəbiyyat dərsliyi hazırdır”.

Türk Şurasının Baş Katibinin müavini Qismət Gözəlov Türk Şurası çərçivəsində ötən dövr ərzində görülən işlərdən danışıb.

BMT-nin İnkişaf Proqramının (BMTİP) Rezident nümayəndəsi Alessandro Frakasetti “BMTİP-in Avropa və Mərkəzi Asiyada yaranan yeni donor institutlarına dəstəyi” mövzusunda çıxış edib. A. Frakasetti beynəlxalq inkişaf agentliklərinin, yardım qurumlarının birgə fəaliyyətinin vacib olduğunu qeyd edib: “Biz bu konfransda təcrübə mübadiləsinin şahidi oluruq. Azərbaycan da donor qismində dünyada fəal iştirak edir. Keçən illə müqayisədə beynəlxalq donor fəaliyyətində 2,7 faiz azalma baş verib. Biz dünyada bir-birinə bağlı olan ölkələrdə yaşayırıq. Donor fəaliyyəti bütün tərəflər üçün faydalıdır. Ticarət və regional əməkdaşlığın inkişafına təsir göstərən donorların investisiyalarına böyük ehtiyac var. Biz daha yaxşı gələcək yaratmalıyıq. Məhz donorluq regionda və dünyada əməkdaşlığı genişləndirə bilər. BMT Mərkəzi Asiyada donor imkanlarını artırmağa çalışır. BMT İnkişaf Proqramı 170 ölkədə fəaliyyət göstərir, 4,5 milyardlıq büdcəyə və 17 min işçiyə malikdir. Ölkələr bu cür resurslardan, maliyyədən riskləri azaltmaq üçün istifadə edə bilər. Yeni donor ölkələrə dəstək vermək üçün BMT xüsusi bir platforma yaradıb. Xorvatiya, Çexiya, Slovakiya, Rusiya, Rumıniya və Türkiyənin qismində donor fəaliyyətində ciddi irəliləyişlər əldə olunub. Azərbaycana da fəal donor yardım fəaliyyətinə görə təşəkkür edirəm".

Tədbirdə TİKA-nın vitse-prezidenti Rahman Nurdun, Qazaxıstan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Oljas İsabekov, Qırğız Respublikasının səfirliyinin müvəqqəti işlər vəkili Bakit Yusupov və Macarıstanın Azərbaycandakı səfiri Victor Szederkenye çıxış edib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR