Xaricdə yaşayan azərbaycanlıların Koordinasiya Şuralarının nümayəndələri İstanbulda görüşüb

Xaricdə yaşayan azərbaycanlıların Koordinasiya Şuralarının nümayəndələri İstanbulda görüşüb
# 22 sentyabr 2019 02:05 (UTC +04:00)

Türkiyənin İstanbul şəhərində Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının birinci toplantısı keçirilib.

APA Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, toplantının keçirilməsində məqsəd qarşılıqlı fikir mübadiləsinin aparılması və Koordinasiya Şuralarında birləşən soydaşlarımızın məlumatlandırılmasıdır.

Toplantıda əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib. Tədbir iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov müzakirə olunacaq məsələlərlə bağlı məlumat verib.

Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev Koordinasıya Şuralarını təmsil edən şəxsləri Türkiyədə görməkdən məmnun olduğunu bildirib və onlara uğurlar arzulayıb. Komitə sədrinin Azərbaycanın diaspor siyasəti, bu istiqamətdə atılan konkret addımlar, xaricdə yaşayan azərbaycanlıların şəbəkələşməsi, müasir onlayn platformalarda birləşərək daha mütəşəkkil fəaliyyətə nail olmaları, eyni zamanda, bu sahənin prioritetlərini özündə əks etdirən dərin təhlil xarakterli çıxışı maraqla qarşılanıb.

Toplantı Koordinasiya Şuralarının bu günə kimi gördükləri işləri əks etdirən hesabatın təqdimatı ilə davam edib. Vaxtaşırı məsuliyyətsiz bəyanatlarla çıxış edən Ermənistan rəhbərliyinin hərəkətlərinə qarşı Azərbaycan diasporunun, xüsusilə Avropada yaşayan azərbaycanlıların davamlı və sistemli fəaliyyətinin təşkili ilə bağlı müzakirələr aparılıb, onlara adekvat cavabların verilməsinin istiqamətləri müəyyən edilib və bununla bağlı yol xəritəsi hazırlanıb.

Diqqətə çatdırılıb ki, Ermənistanın işğalçılıq siyasətinin, təcavüzkarın heç bir hüquq və mənəviyyat çərçivəsinə sığmayan hərəkətlərinin Avropada daha geniş kütləyə çatdırılması, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində aparılan işlərin daha da dərinləşməsi güclü intellektual potensiala malik olan diasporumuzun da ən mühüm fəaliyyət istiqamətidir. Bununla yanaşı, Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının I toplantısının iştirakçıları Avropa ölkələrində məskunlaşan bəzi azərbaycanlı mühacirlərin ölkəmizin ümumi mənafeyinə zidd çıxış və hərəkətləri ilə bağlı fikirlərini bildirib, onları ciddi şəkildə qınadıqlarını bəyan ediblər.

Daha sonra Azərbaycan Diasporuna Dəstək Fondunun iş prinsipləri haqqında danışılıb və Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının I toplantısının iştirakçıları Fonda müraciət formaları, layihələrin yazılması və s barədə ətraflı məlumatlandırılıblar.

Toplantıda qarşılıqlı fikir mübadiləsi aparılıb və birgə fəaliyyətin perspektivlərini müəyyən edən yekun qərar qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR