Azərbaycanın nəqliyyat sektorunda yanvar-noyabr aylarında yük daşınması 13% artıb

Azərbaycanın nəqliyyat sektorunda yanvar-noyabr aylarında yük daşınması 13% artıb
# 22 dekabr 2006 13:35 (UTC +04:00)
Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən cari ilin yanvar-noyabr aylarında 130,2 mln. ton yük daşınıb. Bu, ötən ilin analoji 11 aylıq göstəricisilə müqayisədə 12,9% çoxdur. Daşınan yüklərin 50,8%-i avtomobil, 18,5%-i boru kəməri (o cümlədən, 4,9%-i BTC kəmərilə), 21%-i dəmir yolu, 9,7%-i dəniz nəqliyyatı vasitəsilə həyata keçirilib və yük daşınmasında özəl bölmənin payı 57,9% təşkil edib.
Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, nəqliyyat sektorunda sərnişin nəqliyyatı vasitələri ilə 967,5 mln. nəfər və ya əvvəlki ilin 11 ayı ilə müqayisədə 6,1% çox sərnişin daşınıb və bu sahədəki fəaliyyətin 84,2%-i qeyri-dövlət bölməsi tərəfindən həyata keçirilib. Sərnişin daşınmasında avtomobil nəqliyyatının payı 84,3%, metro nəqliyyatının payı isə 15% təşkil edib.
Dəmir yolu nəqliyyatı ilə 27,3 mln. ton və ya 2005-ci ilin eyni dövrü ilə müqayisədə 14,9% çox yük daşınıb. Sutkada orta hesabla yüklənən vaqonların sayı 13,2%, boşaldılan yük vaqonlarının sayı isə 4,7% artıb. Bir gün ərzində orta hesabla vaqonlara 56,8 min ton yük vurulub və vaqonların orta sutkalıq yüklənməsi Şimal istiqaməti üzrə 12,5%, Qərb istiqaməti üzrə 10,1%, Cənub istiqaməti üzrə 34,3%, ümumilikdə dəmir yolu üzrə isə 13,2% artımla müşahidə olunub. Dəmir yolunda yük dövriyyəsinin artımı 16,4% olub.
Dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 1,6% çoxalıb və 12,6 mln. ton təşkil edib. Daşınan yüklərin 70,2%-ni neft yükləri, 29,8%-ni isə quru yüklər təşkil edib, daşınmaların 99,8% xarici əlaqə üzrə həyata keçirilib. Bu nəqliyyat növündə yük dövriyyəsi 10,8% artıb və 7,5 mlrd. ton/km təşkil edib, sərnişin daşınması isə 6,5% artıb.
Hesabat dövründə avtomobil nəqliyyatı ilə (fərdi sahibkarların fəaliyyəti də nəzərə alınmaqla) 66,2 mln. ton yük, 815,6 mln. sərnişin daşınıb və əvvəlki ilin yanvar-noyabr ilə müqayisədə müvafiq olaraq 6,3% və 5,7% artım əldə olunub. Metro nəqliyyatının xidmətindən isə 145,3 mln. sərnişin istifadə edib və bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,1% artıb.
Hava nəqliyyatı ilə 11 ay ərzində 1,2 mln. və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,8% çox sərnişin danışıb. Bu nəqliyyat növü ilə daşınan sərnişinlərin 94,2%-i dövlət bölməsində, 5,8%-i isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilib.
Təhlil olunan dövr ərzində magistral neft kəmərləri ilə 24 mln. ton neft nəql edilib. Nəqletmənin 6,4 mln. tonu və ya 36,7%-i BTC neft kəmərilə həyata keçirilib. Magistral neft kəmərlərilə nəql edilən yüklərin həcmi əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 62,4%, yük dövriyyəsi isə 21 dəfə artıb. Həmçinin, magistral qaz kəmərləri ilə 9,3 mlrd. kubmetr qaz nəql olunub ki, bunun da 43%-i Rusiyadan idxal edilən qazın payına düşür. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR