Azərbaycan Mehmanxanalar Assosiasiyası yaradılıb

Azərbaycan Mehmanxanalar Assosiasiyası yaradılıb
# 22 dekabr 2006 14:07 (UTC +04:00)
Bu gün Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Mehmanxanalar Assosiasiyası (AMA) təsis edilib. APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, qeyri-kommersiya təşkilatı kimi təsis olunan AMA milli mehmanxana sənayesinin inkişafı, xarici və daxili bazarda mehmanxana xidmətlərinin keyfiyyətcə yaxşılaşdırılması, mehmanxana sahəsində olan layihələrin, milli və beynəlxalq proqramların hazırlanması və həyata keçirilməsi və s. istiqamətlər üzrə fəaliyyət göstərəcək. Azərbaycanda belə qurumun yaradılmasına böyük ehtiyacın olduğunu deyən nazir bildirib ki, Azərbaycanda son illərdə mehmanxana və ona bərabər tutulan obyektlərin sayı artır. 2002-ci ildə Azərbaycanda real fəaliyyət göstərən mehmanxanaların sayı 94, 2003-cü ildə 96 olduğu halda, 2005-ci ildə onların sayı 262, 2006-cı ildə isə 294-ə çatıb. Hazırda Azərbaycan otelləri bir gün ərzində 21 min qonaq qarşılaya bilər. Bu il ərzində Azərbaycana gələn turistlərin sayı 1 milyon nəfəri keçib. Ötən müddətdə respublika üzrə 45 otel sertifikatlaşdırılıb: “Elə otellər var ki, onlar bizə ulduz almaq üçün müraciət edir, amma heç bir ulduza da layiq xidmət göstərmir. Bizim əsas məqsədimiz turistlərin maraqlarının qorunmasıdır. Bu gün Azərbaycana gələn turistlərin xidmətlərin keyfiyyətsizliyindən və azlığından şikayətlənirlər. Bu baxımdan hesab edirəm ki, belə bir assosiasiyanın yaradılmasının vaxtı çoxdan çatıb. Bu assosiasiya bizim qarşımızda mehmanxanaların marağını qorumalıdır”.
Ə.Qarayev həmçinin bildirib ki, o, Azərbaycanda yerli iş adamlarının mehmanxana yaratmasını daha çox istəyir: “Sizə açıq deyirəm, istəməzdim ki, Azərbaycanın ən yaxşı mehmanxanaları xaricilərə məxsus olsun”.
Nazir bir neçəsi istisna olmaqla, Azərbaycandakı mehmanxanaların fəal fəaliyyət göstərmədiyindən də gileylənib: “Biz mehmanxanaları beynəlxalq sərgilərdə, reklamlarda görmürük. Yalnız 1-2 otel sərgilərdə iştirak edir. Biz tələb edəcəyik ki, hökmən mehmanxanaların reklam kampaniyaları keçirilsin”.
Mehmanxanaların turizm şirkətləri ilə normal əməkdaşlıq etməməsindən narazı qalan Ə.Qarayev onları birgə işbirliyinə də çağırıb. Nazirin fikrincə, yeni qurum mehmanxanaların bu sahədə irəliləyiş əldə etməsinə yardım göstərəcək. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR