Azərbaycanla Səudiyyə İnkişaf Fondu arasında 61,7 mln. dollarlıq kredit sazişi imzalanıb

Azərbaycanla Səudiyyə İnkişaf Fondu arasında 61,7 mln. dollarlıq kredit sazişi imzalanıb
# 12 fevral 2007 15:26 (UTC +04:00)
Bu gün Azərbaycan Nəqliyyat Nazirliyi ilə Səudiyyə İnkişaf Fondu arasında “Yevlax-Gəncə avtomobil yolunun yenidən qurulması layihəsinin maliyyələşdirilməsinə dair Saziş” imzalanıb. APA-nın məlumatına görə, sazişi Azərbaycan tərəfindən nəqliyyat naziri Ziya Məmmədov, Səudiyyə İnkişaf Fondu adından isə fondun vitse-prezidenti Yusif əl-Bassan imzalayıblar.
Sazişə əsasən, Səudiyyə İnkişaf Fondu 88,8 km uzunluğunda Yevlax-Gəncə yolunun yenidən qurulmasına 61,7 mln. ABŞ dolları məbləğində kredit ayıracaq. Yolda işlərə bu il ərzində başlanması nəzərdə tutulur. Yolun 86 km-i ikinci texniki dərəcəli (2 zolaqlı), 2,8 km-i isə birinci texniki dərəcəli (4 zolaqlı) olacaq. Yolun texniki-iqtisadi əsaslandırılmasını Almaniyanın “Koks” şirkəti hazırlayıb.
Qeyd edək ki, Yevlax-Gəncə yolunun yenidən qurulmasını Azərbaycan hökuməti, İslam İnkişaf Bankı və Səudiyyə İnkişaf Fondu birgə həyata keçirəcək. İslam İnkişaf Bankı ilə Nəqliyyat Nazirliyi arasında 10,4 mln. dollarlıq kreditin ayrılmasına dair saziş 2005-ci ildə imzalanıb. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR