Bakıda Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının üç illik yekunlarına həsr olunmuş konfrans keçirilir

Bakıda Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının üç illik yekunlarına həsr olunmuş konfrans keçirilir
# 13 fevral 2007 09:57 (UTC +04:00)
APA-nın məlumatına görə, konfransda regionların sosial-iqtisadi inkişafı ilə bağlı 3 il ərzində görülən işlərə dair film nümayiş olunub. Sonra konfransda iştirak edən Azərbaycan prezidenti İlham Əliyev çıxış edib. Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsini vacib hesab edən İ.Əliyev bildirib ki, konfrans Dövlət Proqramının təhlil olunması, icrası zamanı yol verilən qüsurların aradan qaldırılmasına xidmət edir. Regionların inkişafına dair 8 sərəncamın imzalandığını deyən dövlət başçısı proqramın icrasının uğurla həyata keçdiyini vurğulayıb: “Proqramın icrasında bəzi problemlər olub ki, bunun da öz səbəbləri var. Ancaq bu, cüzi problemlərdir. Azərbaycanda tam biznes mühiti yaradılıb. Son iki ildə Ümumi Daxili Məhsul 26-32 faiz artıb. 2003-cü ildə 1,4 milyard dollar olan dövlət büdcəsi 2007-ci il üçün 6,5 milyard dollara çatıb. Yaxın aylarda dövlət büdcəsinə yenidən baxılacaq, çünki əlavə gəlir mənbələri aşkarlanıb”. İ.Əliyev bildirib ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı kəndlərdən şəhərə axın azalıb. Bu axının tamamilə dayandırılmasının vacibliyinə toxunan dövlət başçısı Azərbaycanın iqtisadi artımına görə dünyada lider ölkə olduğunu vurğulayıb: “Son iki ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faizdən 20 faizə endirilib. Bazar iqtisadiyyatına əsaslanan siyasətimiz sosial yönümlüdür”. Bakı-Tiflis-Qars dəmir yolu bağlantısının reallaşması Azərbaycanın qələbəsi olduğunu deyən İ.Əliyev vurğulayıb ki, Azərbaycan tranzit ölkəyə çevrilib. Dövlət başçısı 2003-cü ildə verilən vədlərin hamısının yerinə yetirildiyini və 520 min yeni iş yerinin açıldığını, minimum əmək haqqının bir neçə dəfə artırıldığını da söyləyib: “Son üç il ərzində özəl sektorun payı 73 faizdən 81 faizə qalxıb. Azərbaycan kimi ikinci bir dövlət yoxdur ki, qısa müddətdə büdcə gəlirləri 5 dəfə artsın”. Azərbaycandakı problemlərə də toxunan İ.Əliyev ölkədə bəzi hallarda sosial-ədalət prinsipinin pozulduğunu deyib: “Prezident kimi bu, məni narahat edir. Biz hüquqi dövlət qurmaq istəyirik, təəssüflər olsun ki, buna tam nail ola bilməmişik. Biznes mühitinə müdaxilələr edilir. Azərbaycanda hamı qanunun aliliyinin təmin olunmasına çalışmalıdır”. İ.Əliyev ölkədə məktəb tikintisinin geniş vüsət aldığını, ötən il 200 orta məktəbin tikilərək istifadəyə verildiyini bildirib. Dövlət başçısı Azərbaycanda səhiyyə sisteminin də yaxşılaşdırıldığını bildirib: “Bütün bölgələrdə həm diaqnostika, həm də müalicə mərkəzləri tikiləcək. Bu il 7 müalicə-diaqnostika mərkəzi istifadəyə veriləcək. Təcili-tibbi yardımın keyfiyyəti yaxşılaşmalıdır”. İ.Əliyev, həmçinin, turizm sahəsinin inkişaf etdirilməsinin vacibliyinə toxunaraq, Azərbaycanda bunun üçün əlverişli iqlim şəraitinin olduğunu vurğulayıb. Dövlət başçısı Azərbaycanda qış və yay turizminin inkişaf etdirilməsi üçün konkret tapşırıqlar verdiyini bildirib. İ.Əliyev 2008-ci ildə sahibkarlara verilən kreditlərin məbləğinin artırılmasının vacibliyini qeyd edib, emal müəssisələrin yaradılmasının zəruriliyini vurğulayıb. Konfrans günün sonuna kimi davam edəcək. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR