Məhkəmədə Əli İnsanov və daha beş nəfər haqqında ittiham aktı elan olunub

Məhkəmədə Əli İnsanov və daha beş nəfər haqqında ittiham aktı elan olunub
# 22 fevral 2007 16:26 (UTC +04:00)
APA-nın məlumatına görə, prosesdə hakim Faiq Qasımov məhkəmə istintaqının başlanmasını elan edib. Bundan sonra dövlət ittihamçısı Kamran Əliyev Ə. İnsanov barəsində ittiham aktını elan edib. İttiham aktına görə, Ə. İnsanov 1993-cü il noyabrın 9-dan 2005-ci il oktyabrın 20-dək səhiyyə naziri vəzifəsində işləyərkən xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə səlahiyyətlərindən istifadə etməklə fiziki və hüquqi şəxslərin, eləcə də dövlət mülkiyyətində olan səhiyyə obyektlərini qanunvericilikdə müəyyən edilmiş qaydalara zidd olaraq özününküləşdirib. O, cinayət əməllərini həyata keçirmək üçün təqsirləndirilən şəxslər Fəxrəddin Abbasov, Pərviz Kazımov və digərləri ilə qabaqcadan qrup təşkil edib, qulluq səlahiyyətindən istifadə edib obyektlərin texniki vəziyyəti və istifadəsinin təsərrüfat zəruriliyinin mövcudluğuna dair sənədləri saxtalaşdırıb, bu yolla külli miqdarda dövlət əmlakını mənimsəyib. İttiham aktına əsasən, Ə. İnsanov oğlu Vidadi İnsanovun, qızı Ayla Ştelenin (Əliyeva), bacısı oğlu Anar Namazovun, başqa qohumlarının, tabeçiliyində olan şəxslərin və digərlərinin adlarına Səhiyyə Nazirliyinin Bakı şəhərində yerləşən 3 xəstəxana, 4 poliklinika, 1 institut, 1 dispanser, 1 mərkəz, 1 aptek, 5 idarə və müəssisə, cəmi 16 obyekti 10.222.552,2 AZN dəyərində 5.935 kvadrat metr qeyri-yaşayış və 11.505.750 AZN dəyərində 14.953,6 kvadrat metr torpaq sahələrini qanunsuz özəlləşdirərək mənimsəyib. Bundan başqa Ə. İnsanov 2000-2004-cü illərdə Səhiyyə Nazirliyinin büdcədənkənar tibbi xidmət idarəsinin rəisi Vəkil Abbasovdan 200.000 ABŞ dolları miqdarda rüşvət almaqla nazirliyin 2 institutu və 1 mərkəzinin 877.423,86 AZN dəyərində 1523,9 kvadrat metr qeyri-yaşayış və 1.573.578 AZN dəyərində 7.708,7 kvadrat metr torpaq sahəsini, 2 xəstəxanasının, 8 poliklinikanın, 2 institutunun, 2 mərkəzinin, 1 dispanserin, 1 txirəsalınmaz və təcili tibbi yardım stansiyasının, 2 idarə və müəssisənin 2.257.492,62 AZN dəyərində 5.744,9 kvadrat metr qeyri-yaşayış və 935.239,03 AZN dəyərində 18.398,30 kvadrat metr torpaq sahəsini başqa şəxslərin mülkiyyətinə qanunsuz özgəninkiləşdirib. Sabiq səhiyyə naziri bundan əlavə dövlət mülkiyyətində olan, 13.357.468,68 AZN dəyərində 13.203,8 kvadrat metr qeyri-yaşayış və 14.014.567,03 AZN dəyərində 41.060,6 kvadrat metr torpaq sahələrini, ümumilikdə, 27.372.035,71 AZN dəyərində külli miqdarda dövlət əmlakını talamaqda ittiham olunur. İttiham aktına görə Ə. İnsanov nazirliyin əczaçılıq və tibbi texnika şöbəsinin sabiq müdiri Akif Məhərrəmov, həmin şöbənin mütəxəssisləri Eldar Rzayev, Hacı Əliyev və Şövqi Cəfərov ilə dərman vasitələrinin topdan və pərakəndə satışını həyata keçirmək üçün apteklər, aptek məntəqələri və aptek köşkləri sahiblərinə qanunvericiliyin tələblərini pozmaqla lisenziya verilməsinə görə 121.100 ABŞ dolları və 2800 AZN məbləğində təkrarən rüşvət almaqda ittiham olunur. Əli İnsanova qarşı irəli sürülən ittihamlar arasında nazirliyin kadrlar, elm və təhsil şöbəsinin müdiri vəzifəsində işləyən Nazim İbrahimovla cinayət əlaqəsinə girərək, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən orta ixtisas tədris müəssisələrinə tələbə qəbulu üzrə test imtahanlarında iştirak etmiş, lakin zəruri miqdarda bal toplamadıqları üçün müsabiqəyə buraxılmamış və ya müsabiqədən keçməmiş 1077 nəfər abituriyentin nazirliyin tabeçiliyində olan tibb məktəblərinə qəbul olunması barədə qanunsuz tapşırıqlar verməsi də var. Ə. İnsanov törətdiyi əməllərə görə, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə), 306.2 (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311 (rüşvət alma), 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Dövlət ittihamçısı qanunsuz özəlləşmə ilə bağlı təqsirləndirilən şəxslər Fəxrəddin Abbasov, Pərviz Kazımov, Ə. İnsanovun bacısı oğlu Anar Namazov, Fuad Mahmudov və Səhiyyə Nazirliyinin keçmiş Büdcədənkənar Tibbi Xidmət şöbəsinin müdiri Vəkil Abbasov haqqında da ittiham aktını elan edib. Proses fevralın 27-də digər təqsirləndirilən şəxslərin ittiham aktlarının elan olunması ilə davam etdiriləcək. Həmin gün Ə. İnsanovun məhkəmədə təqsirləndirilən şəxs qismində sərbəst ifadə verməsi gözlənilir. Qeyd edək ki, prosesdə Ə. İnsanovla bərabər təqsirləndirilən şəxslər Səhiyyə Nazirliyinin əczaçılıq və tibbi texnika şöbəsinin sabiq müdiri Akif Məhərrəmov, həmin şöbənin üç əməkdaşı Eldar Rzayev, Hacı Əliyev, Şövqi Cəfərov, nazirliyin beynəlxalq əlaqələr şöbəsinin sabiq müdiri Aleksandr Umnyaşkin və digərlərinin cinayət işinin istintaqı aparılır. Sabiq nazirdən başqa, təqsirləndirilən digər şəxslərin hamısı zamindədirlər. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR