Prezident İlham Əliyev ölkənin nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev ölkənin nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında sərəncam imzalayıb
# 22 fevral 2007 16:39 (UTC +04:00)
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərəncamla Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamenti Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilati-hüquqi forması dəyişdirilərək, Nəqliyyat Nazirliyinin tabeliyində “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti (ASC) yaradılıb. Səhmləri dövlətə məxsus olan “Azəryolservis” ASC ölkənin avtomobil yolu təsərrüfatı sahəsində xidmətlər göstərəcək, ümumi istifadədə olan avtomobil yollarının, körpülərin, tunellərin və digər təyinatlı yol qurğularının istismarı, bərpası, yenidən qurulması və tikilməsi, müvafiq infrastrukturun inkişafı ilə bağlı digər işləri yerinə yetirəcək. Sərəncamda Nazirlər Kabinetinə tapşırılır ki, bir ay müddətində, “Azəryolservis” ASC-nin Nizamnaməsini hazırlayıb, razılaşdırmaq üçün prezidentə təqdim etsin, Bakı şəhərində, habelə ölkənin digər şəhərlərində və rayon mərkəzlərində yerləşən avtomobil yollarının, prospektlərin və küçələrin idarə olunması, təmiri və vəziyyətinə nəzarətin həyata keçirilməsi məqsədi ilə onların Nəqliyyat Nazirliyinin balansına verilməsini təmin etsin, Bakı şəhəri istisna olmaqla, ölkənin digər kənd və qəsəbələrinin ərazisində yerləşən yolların və küçələrin müvafiq yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin balansına verilməsini təmin etsin, Bakı şəhərində, habelə ölkənin digər şəhərlərində və rayon mərkəzlərində yerləşən avtomobil yollarının, prospektlərin və küçələrin saxlanılması və təmiri ilə əlaqədar istehsalat bazalarının, obyektlərin, həmçinin, idarə, müəssisə və təşkilatların Bakı Şəhər İcra Hakimiyyətinin və müvafiq şəhər və rayon icra hakimiyyəti orqanlarının balansında olan əmlakının siyahısını müəyyən edərək, “Azəryolservis” ASC-yə verilməsini təmin etsin, Nəqliyyat Nazirliyinin balansına verilən avtomobil yollarının, prospektlərin və küçələrin idarə olunması, təmiri və vəziyyətinə nəzarətin həyata keçirilməsi ilə bağlı illik büdcə vəsaitlərinin Nəqliyyat Nazirliyinə ayrılmasını təmin etsin, qüvvədə olan normativ hüquqi aktların bu sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb prezidentə təqdim etsin. Nəqliyyat Nazirliyinə isə Azərbaycanda avtomobil yolları şəbəkəsinin inkişafına dair Dövlət Proqramının layihəsini hazırlayıb aidiyyəti dövlət orqanları ilə razılaşdıraraq, bir ay müddətində prezidentə təqdim etmək, “Azəryolservis” ASC-nin istehsalat bazasının gücləndirilməsi barədə təkliflərini hazırlayıb prezidentə təqdim etmək və bu sərəncamdan irəli gələn digər məsələləri səlahiyyətləri daxilində həll etmək tapşırılır. Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasında avtomobil yollarının və yol qurğularının istismarı, bərpası, yenidən qurulması və tikilməsi, bu sahədə müvafiq xidmətlərin göstərilməsi “Naxavtoyol” Dövlət Şirkəti tərəfindən həyata keçirilir. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR