Bakıda 20 May - Ümumdünya Metrologiya günü münasibətilə konfrans keçirilib

Bakıda 20 May - Ümumdünya Metrologiya günü münasibətilə konfrans keçirilib
# 20 may 2019 12:39 (UTC +04:00)

20 May - Ümumdünya Metrologiya günü münasibətilə Metrologiya İnstitutunun təşkilatçılığı ilə elmi-texniki konfrans keçirilib.

ONA xəbər verir ki, konfransda ziyalılar, tanınmış metroloqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan Metrologiya İnstitutunun baş direktoru Saleh Səmədov bütün metroloqları təbrik edərək, institut haqqında məlumat verib: "Azərbaycan Metrologiya İnstitutu publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Fərmanına əsasən Dövlət Metrologiya Xidmətinin bazasında yaradılıb. İnstitut ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində dövlətin funksiyalarını yerinə yetirən yeganə milli orqandır. İnstitut metroloji xidmət sahəsində 50 ildən artıq iş təcrübəsinə, ən müasir texniki imkanlara və 172 nəfər yüksək səviyyəli kadr potensialına malikdir. Hazırda institutda milli etalonların saxlandığı 8 laboratoriya və ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsini yerinə yetirən 9 laboratoriya fəaliyyət göstərir. İnstitut kəmiyyət vahidlərinin ölçüsünü ilkin dövlət etalonlarından işçi etalonlara ötürməklə yanaşı, bütün tiplərdən olan ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirir. İnstitutun Keyfiyyəti İdarəetmə Sisteminin beynəlxalq standartın tələblərinə uyğunluğu beynəlxalq ekspertlər qrupu tərəfindən qiymətləndirilib və bu barədə müvafiq təsdiqedici sənəd təqdim edilib".

Metrologiya İnstitutunun müşaviri Oktay Abbasov deyib ki, həyatımızın hər sahəsində metrologiya ilə rastlaşırıq: "Metrologiyanın inkişafı üçün iki əsas bazası var, bunlardan biri hüquqi, ikinci elektron bazadır. Metrologiya İnstitutunun yaradılması ilə Azərbaycanda bu sahə inkişaf edib və dünyada tanınır. İnstitutun inkişafı üçün gələcək layihələrimiz var. Gələcəkdə layihələr davam edəcək ki, institutda olmayan etalonlar da yaradılsın".

Deputat Çingiz Qənizadənin sözlərinə görə, cəmiyyət tam bilmir ki, bu institut cəmiyyət üçün vacibdir: “Bu sahədə qanunvericilikdə boşluqlar var, buna baxmaq lazımdır. Bizə daxil alan çoxsaylı şikayətlər var. Metrologiya sahəsində yoxlamalara icazə verilməlidir. Gündə marketlərdə də tərəzidə insanlar aldadılır. Əgər bu gün çəki və ölçü ilə bağlı özəl qurum rəy verirsə, bunun qarşısı alınmalıdır. Hesab edirəm ki, bu sahədə olan yoxlamalar institut tərəfindən həyata keçirilməlidir. Akustika bu gün Azərbaycanda tam nəzarətsizdir. Toy məclislərində olan akustika əsəblərimizi korlayır".

Deputat Şahin İsmayılov təklif edib ki, cəmiyyətdə institutun tanıdılması üçün İctimai Şura yaradılsın, sosial şəbəkələrdə iş aparılsın və sosial layihələr həyata keçirilsin: “Biz də səlahiyyətimiz daxilində sizə dəstək verməyə hazırıq".

Sonda Metrologiya İnstitutunun rəsmi informasiya saytı (metrology.az) ictimaiyyətə təqdim edib, Metrologiya İnstitutunun bir qrup əməkdaşı Fəxri Fərmanla təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR