"İnnobank" ideya və elektron resurslar xidməti istifadəyə verilib  

"İnnobank" ideya və elektron resurslar xidməti istifadəyə verilib  
# 02 iyul 2019 16:10 (UTC +04:00)

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ictimai əhəmiyyətli ideyaları toplamaq və həyata keçirmək, QHT sektorunda çalışanların potensialını üzə çıxarmaq, onların bilik və bacarıqlarını artırmaq və müvafiq işlə təmin olunmasına yardım etmək, QHT-lərin fəaliyyəti, gördüyü işlər haqqında məlumatları ictimailəşdirmək və onların elektron bazasını yaratmaq məqsədi ilə "İnnobank" ideya və elektron resurslar xidmətini (innobank.az) istifadəyə verib.

APA-nın məlumatına görə, İnnobank 5 xidmət bankını özündə birləşdirir:

Bura ideya bankı, ekspert və kadr bankı, könüllü bankı, təlimçi bankı və hesabat bankı daxildir.

Bu gün bununla bağlı keçirilən tədbirdə çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov deyib ki, İnnobankın xidmətlərindən istifadə etmək və məlumat yerləşdirmək üçün istifadəçi innobank.az saytında qeydiyyatdan keçməlidir. İdeya bankında vətəndaşlar, dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatlar və QHT nümayəndələri tərəfindən ictimai əhəmiyyət kəsb edən yeni ideyalar toplanır. Bankda toplanan ideyalar QHT və digər istifadəçilər üçün açıq olacaq, onlar dövlət və beynəlxalq donor təşkilatları ilə əməkdaşlıq çərçivəsində bu ideyalardan istifadə edə biləcəklər.
Bunun üçün hər bir vətəndaş və QHT nümayəndəsi İnnobankda İdeya bankı bölməsinə daxil olaraq ideyalarını yerləşdirə bilər. Ekspert və kadr bankında QHT sektorunda fəaliyyət göstərən, müvafiq bilik və bacarığa malik olan şəxslər haqqında məlumat toplanacaq. Burada toplanan məlumatlardan təkcə QHT-lər deyil, eyni zamanda digər dövlət qurumları və özəl şirkətlər də yararlana bilər. Bu bankda ekspert xidməti göstərən şəxslər barədə məlumatlar toplanacaq. İstənilən ekspert özü haqqında məlumatı İnnobankda qeyd olunan sahələr üzrə yerləşdirə biləcək. Ekspert xidmətindən istifadə etmək istəyən qurumlar və şəxslər bu bankın "Ekspertə müraciət et" bölməsinə daxil olaraq ekspertlər barədə məlumatlardan və onların xidmətlərindən istifadə edə bilərlər.

Tədbirdə nəzərə çatdırılıb ki, Könüllü bankında QHT, dövlət qurumları, bələdiyyə və özəl sektorda könüllü kimi çalışmaq istəyən şəxslər barədə məlumatlar toplanacaq. Könüllü olmaq istəyən şəxs qeydiyyatdan keçdikdən sonra “Könüllü ol” düyməsini seçərək özü haqqında məlumatları (CV, diplom, sertifikat və s.) daxil edəcək. Könüllü xidmətindən istifadə etmək istəyən qurumlar və şəxslər bu bankın "Könüllüyə müraciət et" bölməsinə daxil olaraq, könüllülər barədə məlumatlardan və onların xidmətlərindən istifadə edə bilərlər.

Təlim bankında QHT-lərin ehtiyac duyduğu təlimlər və təlimçilər haqqında məlumatlar toplanacaq. Bunun üçün QHT-lər ehtiyac duyduqları təlimlər haqqında mövzuları "Təlim üçün müraciət et" bölməsində, təlimçilər isə özləri və təlim mövzuları haqqında məlumatları "Təlimçi" bölməsində yerləşdirəcəklər.

Hesabat bankında QHT-lər müxtəlif donorların dəstəyi və müstəqil şəkildə həyata keçirdiyi fəaliyyətləri barədə illik hesabatlar yerləşdirə bilər. Bu hesabatlar QHT-lərin fəaliyyətində şəffaflıq, aşkarlıq və səmərəlilik əmsalının ölçülməsi baxımından ictimaiyyət üçün açıq olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR