QHT aldığı ianələr barədə məlumatları elektron qaydada təqdim edə biləcək

Nazirlər Kabineti

© APA | Nazirlər Kabineti

# 08 may 2021 11:22 (UTC +04:00)

Qeyri-hökumət təşkilatları (QHT) aldıqları ianələrə barədə məlumatları elektron qaydada təqdim biləcək.

APA-nın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı “Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi Qaydası”na dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qərara əsasən, qeyri-hökumət təşkilatları qəbul etdikləri ianə barədə məlumatların təqdim edilməsinin “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna uyğun olaraq Ədliyyə Nazirliyinin “Fərdi elektron pəncərə” elektron məlumat sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsi üçün müraciət edə biləcək. Qeyri-hökumət təşkilatlarının bank hesabları üzrə maliyyə əməliyyatlarının aparılması zamanı Ədliyyə Nazirliyinin “Fərdi elektron pəncərə” elektron məlumat sistemi vasitəsilə əldə edilmiş sənədlərdən kağız daşıyıcılarda, yaxud “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron qaydada istifadə edilir.

Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunda dəyişiklik edilərək Qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən hər hansı bir dəyişikliklərin, qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin, bank hesabları üzrə maliyyə əməliyyatlarının aparılması, Qrant müqavilələrinin, xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydə alınmasının və ianələr üzrə məlumatların təqdim edilməsi elektron müraciət əsasında əldə edilmiş sənədlərdən və yaxud kağız daşıyıcılarda Ədliyyə Nazirliyinin “Fərdi elektron pəncərə” elektron məlumat sistemi vasitəsilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Elektron imza və elektron sənəd haqqında” qanunlarına uyğun olaraq həyata keçirilməsi müəyyən edilib.

Bununla əlaqədar olaraq Nazirlər Kabinetinin müvafiq qərarlarında dəyişiklik edilərək uyğunlaşdırılma aparılıb.

Bu kimi sənədlərin təqdim olunması bu vaxtadək yalnız kağız daşıyıcılarda həyata keçirilirdi.

Dəyişiklikdən sonra sənədlərin təqdim olunması həm kağız daşıyıcılarla həm də elektron qaydada aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR