QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının 5 İşçi Qrupu yaradılıb

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası

© APA | Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası

# 07 may 2021 15:11 (UTC +04:00)

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib.

Agentlikdən APA-ya verilən xəbərə görə, iclasda çıxış edən Agentliyin Müşahidə Şurasının sədri Azay Quliyev bütün üzvləri təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Azay Quliyev müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünü bir neçə gün sonra xalqımızın və dövlətimizin qeyd edəcəyini bildirərək ulu öndərin xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb: “İlk dəfədir ki, xalqımız ulu öndər Heydər Əliyevin doğum gününü torpaqlarımızın işğaldan azad edildiyi və ərazi bütövlüyümüzün bərpa olunduğu bir şəraitdə qeyd edir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev ümummilli liderimizin vəsiyyətini yerinə yetirərək torpaqlarımızı, o cümlədən hamımız üçün müqəddəs olan Şuşa şəhərini işğaldan azad etməklə adını tarixə qızıl hərflərlə yazdırdı”.

Daha sonra Azay Quliyev gündəliyə təklif olunan aşağıdakı məsələlər haqqında məlumat verib:

- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin inkişaf istiqamətlərinin, strateji məqsədlərinin və planlarının hazırlanması haqqında;

- Agentliyin fəaliyyətinə dair daxili qaydaların (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını) hazırlanması haqqında;

- Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanının 7.2, 7.3-cü bəndlərində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqi nəzərdə tutulan sənəd layihələrinə təkliflər haqqında;

- Agentliyin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi qaydası;

- İcra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılması qaydası;

- Qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydası;

- Qrant məbləğinin müəyyən edilməsi meyarlarını və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddinin müəyyən edilməsi;

- Agentliyin strukturu, işçilərin say həddi və işçilərin vəzifə maaşları layihəsi haqqında

Agentliyin loqotipinin (emblemi) hazırlanması haqqında;

- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinin əlaqələndirəcəyi fəaliyyət istiqamətləri haqqında.

Gündəlik müzakirə edilərək yekdilliklə təsdiq olunub.

İclasda Müşahidə Şurasının 5 İşçi Qrupu yaradılıb.

Eyni zamanda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinin əlaqələndirəcəyi fəaliyyət istiqamətləri müəyyən olunub.

Sonda Müşahidə Şurası üzvlərinin ayda bir dəfə keçirəcəyi qəbul günlərinin qrafiki müəyyənləşdirilib.

III Sektor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR