Azərbaycanda xarici QHT-nin qeydiyyat qaydası dəyişib

Azərbaycanda xarici QHT-nin qeydiyyat qaydası dəyişib
# 20 iyun 2015 09:05 (UTC +04:00)

APA-nın məlumatına görə, “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydaları”na əsasən qeydiyyat orqanına (Ədliyyə Nazirliyi) ərizə ilə müraciət edilməlidir.

 

Ərizəyə əlavə edilən sənədlər sırasında isə təsisçi (təsisçilər) və qanuni təmsilçi (təmsilçilər) Azərbaycan Respublikasında daimi yaşamaq hüquq olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduqda - onların Azərbaycan Respublikasının ərazisində yaşamaq üçün icazə vəsiqəsinin surəti olmalıdır.

 

Ədliyyə Nazirliyinin Kollegiyasının “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydaları”nda etdiyi dəyişikliyə əsasən, bundan sonra ərizəyə qeyri-hökumət təşkilatının təsisçi (təsisçilər) və qanuni təmsilçi (təmsilçilər), habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin qanuni təmsilçisi (təmsilçiləri) Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqda onların Azərbaycan Respublikasının ərazisində yaşamaq üçün icazə vəsiqəsinin surəti  deyil, onların daimi yaşamaq hüququnu təsdiq edən sənəd əlavə edilməlidir.

 

Qaydaya əsasən, QHT-nin və xarici QHT-nin nümayəndəliyinin və ya filialının yaradılması barədə qərarda onların icra orqanlarının tərkibi və səlahiyyətlərinin müddəti göstərilməlidir. İndiyə qədər QHT-nin nümayəndəliyinin və ya filialının əsasnaməsində, həmçinin nümayəndəliyi və ya filialı yaradan hüquqi şəxsin qeydiyyatını aparmış qurumun adı, nümayəndəliyin və ya filialın hüquqi ünvanı, rəhbərinin səlahiyyətləri göstərilib. Qaydaya edilən dəyişikliyə əsasən bundan sonra QHT-nin nümayəndəliyi və filialının, habelə xarici QHT-nin nümayəndəliyinin və ya filialının əsasnaməsində onu yaratmış təşkilatın adı, dövlət qeydiyyatı haqqında məlumatlar (qeydiyyat tarixi, nömrəsi, olduğu yer (hüquqi ünvanı), onun qeydiyyatını aparmış qurumun adı) eləcə də, nümayəndəliyin və ya filialın hüquqi ünvanı, hüquq və vəzifələri, fəaliyyətinin predmeti, idarə edilməsi qaydası, rəhbərinin (rəhbərin müavininin) səlahiyyətləri və səlahiyyət müddəti, ləğv olunması qaydası və təsisçi tərəfindən zəruri hesab edilən digər məsələlər göstərilməlidir.

 

Dəyişikliyə əsasən, bundan sonra əlavə olaraq xarici QHT-nin nümayəndəliyinin və ya filialının dövlət qeydiyyatına alınması üçün xarici dövlətin QHT-sinin filial və ya nümayəndəliyinin rəhbərinin müavininin təyin edilməsi barədə sənəd (sənəddə rəhbər müavinin səlahiyyət müddəti göstərilməlidir) də təqdim olunmalıdır. Yeni qeydiyyat proseduruna əsasən QHT-lərin dövlət qeydiyyatı ilə bağlı sənədlər həmçinin təsisçinin (təsisçilərin) və ya onun (onların) səlahiyyətli nümayəndəsinin yaşadığı yer üzrə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bilavasitə qəbul oluna bilər. Bu halda sənədləri qəbul etmiş rayon (şəhər) qeydiyyat şöbəsi ərizəyə əlavə edilən sənədlərin mövcudluğunu (əlavə edilib-edilməməsinə) yoxladıqdan sonra müşayiət məktubu ilə bir gün ərzində onları baxılması üçün Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə göndərməlidir. 

 

Dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatlarının qeydiyyat sənədləri təsisçiyə (təsisçilərə) və ya onun (onların) səlahiyyətli nümayəndəsinə onun arzusu ilə yaşadıqları yer üzrə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən təhvil verilə bilər. Sənədlərin verilməsi rayon (şəhər) qeydiyyat şöbəsinin rəisi (və ya onu əvəz edən şəxs) ilə onları təhvil alan təsisçi (və ya onun səlahiyyətli nümayəndəsi) tərəfindən 2 nüsxədə imzalanan aktla təsdiq edilir. Aktın bir nüsxəsi qurumun arxiv sənədlərinə əlavə edilməsi üçün 3 gün ərzində Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə göndərilir.

 

Aktı aldıqdan sonra sənədin icrasına məsul olan baş idarənin əməkdaşı aktı qurumun arxiv sənədlərinə əlavə edir və “Qeydiyyat sənədlərinin təhvil kitabı”nda həmin sənədlərin müvafiq rayon (şəhər) qeydiyyat şöbəsi tərəfindən təhvil verilməsi və tərtib olunmuş aktın qurumun arxiv sənədlərinə əlavə edilməsi ilə bağlı qeyd aparır. Aktın ikinci nüsxəsi illər üzrə ayrıca qovluqlarda toplanaraq rayon (şəhər) qeydiyyat şöbəsinin arxivində saxlanılır.

III Sektor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR