Azərbaycanda xarici QHT-lərin maliyyə hesabatı təqdim etməsinə dair prosedur müəyyənləşdirilib

Azərbaycanda xarici QHT-lərin maliyyə hesabatı təqdim etməsinə dair prosedur müəyyənləşdirilib
# 03 fevral 2016 09:16 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda xarici qeyri-hökumət təşkilatlarının Dövlət Statistika Komitəsinə illik maliyyə hesabatı təqdim etməsinə dair prosedur müəyyənləşdirilib.

APA-nın məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin “Qeyri-kommersiya təşkilatlarının maliyyə nəticələri və maliyyə vəziyyəti haqqında” 1-QKT №-li (illik) rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə qərarında əksini tapıb.

Bu ildən qüvvəyə minən qərara əsasən hesabat forması üzrə məlumatlar təşkilati-hüquqi forması və mülkiyyət növündən asılı olmayaraq, bələdiyyələr, büdcə təşkilatları və siyasi partiyalar istisna olunmaqla, ölkədə fəaliyyət göstərən bütün qeyri-kommersiya təşkilatları (fondlar, birliklər, cəmiyyətlər, assosiasiyalar, ittifaqlar, dini icmalar, klublar və s.), habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən aprel ayının 1-dək yerləşdiyi ərazinin statistika orqanına və ya elektron formada www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim edilməlidir. Dövlət Statistika Komitəsi rəsmi statistika hesabatı formalarında göstərilən ilkin məlumatların məxfi saxlanmasına zəmanət verir və bu məlumatlardan yalnız toplu (ümumiləşdirilmiş) statistik göstəricilərin formalaşdırılması üçün istifadə edilir. Hesabat formasında məlumatlar manatla göstərilir. Bu hesabat formasının göstəricilərində qeyri-kommersiya təşkilatları dedikdə ictimai birliklər, fondlar, həmkarlar ittifaqları, dini birliklər, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri və digər qeyri-kommersiya təşkilatları (bələdiyyə orqanları, büdcə təşkilatları və siyasi partiyalar istisna olunmaqla) başa düşülür.

Sənəddə qeyd edilib ki, ictimai birlik təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünü idarə edən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır. Fond üzvləri olmayan, bir və ya bir neçə fiziki və (və ya) hüquqi şəxslər tərəfindən əmlak haqqı əsasında təsis edilən və sosial, xeyriyyə, mədəni, təhsil və ya digər ictimai-faydalı məqsədləri daşıyan qeyri-hökumət təşkilatıdır. Xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri - Azərbaycan hüdudlarından kənarda yaradılmış qeyri-kommersiya hüquqi şəxsin Azərbaycan Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumlarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR