Syerra-Leonedə benzindaşıyan maşının partlaması nəticəsində ölənlərin sayı 108-ə çatıb - VİDEO - YENİLƏNİB - 1

Syerra-Leonedə benzindaşıyan maşının partlaması nəticəsində ölənlərin sayı 108-ə çatıb - VİDEO  - YENİLƏNİB - 1
# 07 noyabr 2021 00:14 (UTC +04:00)

Syerra-Leonedə yanacaq daşıyan maşının partlaması nəticəsində ölənlərin sayı 108 nəfərə çatıb

Syerra-Leonenin paytaxtı Fritaun şəhərində benzin tankerinin partlaması nəticəsində ölənlərin sayı 108 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Afrika Dövlətinin Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində yaralanan 92 nəfər xəstəxanaya çatdırılıb.

Partlayış noyabrın 5-də axşam saatlarında benzin daşıyan maşının qranit plitələri daşıyan yük avtomobili ilə toqquşması nəticəsində baş verib. Qəza zamanı tanker yanacaqla dolu olub.

Qəzadan sonra hər iki sürücü maşınlarından düşüb, yaxınlıqda dayanan şəxslər isə zədələnmiş yanacaq daşıyan maşından tökülən yanacağı yığmağa çalışıblar. Bir anda partlayış baş verib və yanğın başlayıb. Qurbanların əksəriyyəti yandırılaraq ölüb.

Syerra-Leone Prezidenti Julius Maada Bio həlak olanların ailələrinə başsağlığı verib və dövlətin onlara dəstək olacağını bildirib.

Eyni zamanda, dövlət başçısı noyabrın 7-də Qanada keçiriləcək Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin sammitinə səfərini ləğv edib.

***

6 noyabr, saat 16:47

Syerra-Leonenin paytaxtı Fritaun şəhərində benzindaşıyan maşının partlaması nəticəsində ölənlərin sayı 100-ü ötüb.

APA-nın məlumatına görə, bu barədə "Sinhua" agentliyi yazır.

Şəhər morqundan bildirilib ki, bu günə kimi oraya 95 cəsəd gətirilib.

Bundan əlavə, ölkənin səhiyyə nazirinin müavini daha əvvəl "Reuters" agentliyinə bildirib ki, insident nəticəsində 100-dən çox adam xəstəxanaya yerləşdirilib.

Partlayış səhər tezdən yanacaq daşıyan yük maşını qəzaya uğradıqdan sonra baş verib. Onun ətrafına toplaşan insanlar ətrafa tökülən yanacağı toplamağa çalışıblar, elə bu zaman partlayış və alovlanma baş verib.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

12:47

Syerra-Leonedə benzindaşıyan maşın partlayıb.

APA-nın məlumatına görə, “Reuters” partlayış nəticəsində ən azı 90 nəfərin həlak olduğunu xəbər verir.

Hadisə paytaxtı Fritaun şəhərində qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR