ABŞ ÜST-ün maliyyələşdirilməsini dayandırır

ABŞ ÜST-ün maliyyələşdirilməsini dayandırır
# 15 aprel 2020 03:01 (UTC +04:00)

Rəsmi Vaşinqton Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) maliyyələşdirilməsini dayandırır.

APA “TASS”-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp açıqlayıb.

“Bu gün mən administrasiyaya tapşırdım ki, təşkilatın pis idarə edilməsinə və koronavirusla bağlı məlumatların gizlədilməsinə görə ÜST-ə maliyyə töhfələrini dayandırsınlar. Hər kəs nə baş verdiyini bilir. Amerikalı vergi ödəyiciləri ÜST büdcəsinə ildə 400-500 milyon dollar vəsait köçürüb. Misal üçün, Çin isə 40 milyon dollar ödəyib”, - Tramp belə deyib.

“Təşkilatın əsas sponsoru olaraq Birləşmiş Ştatlar ÜST-ün tam məsuliyyəti öz üzərinə götürməsi üçün israr etməlidir. Ən təhlükəli qərarlardan biri, ABŞ-ın Çin və digər ölkələrlə uçuşlara qoyduğu qadağanın tənqid edilməsi idi. Xoşbəxtlikdən, mən onların tövsiyələrini eşitmədim və uçuşları dayandırdım, bununla da minlərlə insanın həyatı xilas oldu. ÜST-ün tövsiyələrinə əməl edib sərhədləri açıq qoyan digər ölkələrə, xüsusən Avropaya baxın”, - deyə amerikalı lider əlavə edib.

Onun sözlərinə görə, Vaşinqton ÜST-də islahatların aparılmasını tələb edir və digər ölkələrlə ABŞ-ın bu təşkilata verdiyi vəsaitdən necə istifadə olunacağını müzakirə etmək niyyətindədir: “Ciddi islahatları həyata keçirə biləcəyinə əmin olmaq üçün ÜST-lə işimizi davam etdirəcəyik. Göndərdiyimiz bütün yardımlar çox təsirli qruplarla müzakirə ediləcək və bunu digər ölkələrlə, səhiyyə sahəsindəki tərəfdaşlarla müzakirə edəcəyik”.

Tramp qeyd edib ki, ÜST məlumatları vaxtında verməyib və həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR