Haitidə katolik kilsəsinin 7 nümayəndəsi qaçırılıb

#
# 02:43
12 aprel 2021

Haitidə katolik kilsəsinin yeddi nümayəndəsi naməlum şəxslər tərəfindən qaçırılıb.

APA “France-Presse” agentliyinə istinadən xəbər verir ki, onların arasında iki Fransa vətəndaşı da var.

Katolik yepiskopları konfrensiyasının nümayəndəsi Ludger Mazile agentliyə bildirib ki, naməlum şəxslər ada dövlətinin paytaxtı yaxınlığındakı Krua-de-Buke şəhərində katolik kilsəsinin bir qrup nümayəndəsini qaçırıblar.

Qaçırılanlar arasında beş keşiş və iki rahibə var. Kahinlərdən birinin və bir rahibənin Fransa vətəndaşı olduğu bildirilir. Mazilenin sözlərinə görə, kilsə nümayəndələrini qaçıranlar 1 milyon dollar tələb ediblər.

Yerli “Rezo Nòdwès” qəzetinin yazdığına görə, katolik qrupu paytaxt bölgəsinin sakinlərinə qarşı “terror əməllərini davam etdirən” “400 Mawozo” cinayətkar qrupu üzvlərinin hücumuna məruz qalıb. Qəzet qeyd edir ki, bundan əvvəl Haiti polisi bu dəstənin dağıldığını elan etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR