Tramp ABŞ-ın İraqdakı səfirliyinə hücuma görə İranı günahlandırıb

Tramp ABŞ-ın İraqdakı səfirliyinə hücuma görə İranı günahlandırıb
# 31 dekabr 2019 16:39 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp aksiyaçıların Bağdadda ABŞ səfirliyinə hücum etməsinə münasibət bildirib.

APA-nın məlumatına görə, D. Tramp Twitter” səhifəsində yazıb ki, İran İraqda bir amerikalı mühəndisi öldürüb, çox saylı yaralı var.

ABŞ Prezidenti İranın İraqdakı bu addımına sərt reaksiya verildiyini və hər zaman da sərt reaksiya veriləcəyini vurğulayıb: “İran indi ABŞ-ın İraqdakı səfirliyinə hücum təşkil edir. Bu hücuma görə İran məsuliyyət daşıyacaq. İraq təhlükəsizlik qüvvələrinin ABŞ səfirliyini qorumasını gözləyirik”.

Xatırladaq ki, ABŞ Kərkük yaxınlığındakı bazasına raket zərbəsi nəticəsində bir amerikalı hərbçinin ölməsinə cavab olaraq dekabrın 29-da "Hizbullah"ın İraqdakı qolu olan "Xətaib Hizbullah" qruplaşmasının bazalarını bombalayıb. Qırıcı təyyarələrdən endirilən zərbə nəticəsində "Xətaib Hizbullah"ın ən azı 25 döyüşçüsü öldürülüb, 55 nəfər yaralanıb. Ölənlərin arasında qruplaşmanın dörd komandiri də var.

Bu gün ABŞ-ın Bağdaddakı səfirliyi qarşısında etiraz aksiyası başlayıb. Aksiyaya yüzlərlə iraqlı qatılıb. Aksiya iştirakçıları dekabrın 29-da ABŞ hərbi qüvvələrinin İraqda "Xətaib Hizbullah" qruplaşmasının mövqelərinə endirilən zərbə nəticəsində onlarla döyüşçünün ölməsi və yaralanmasına etirazlarını bildiriblər. Aksiyanın gedişində səfirlik boşaldılıb və aksiyaçılar səfirliyinin binasına daxil olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR