ABŞ mütəxəssisləri “quş qripi” virusunun vətəninin Çin olduğunu bəyan ediblər

ABŞ mütəxəssisləri “quş qripi” virusunun vətəninin Çin olduğunu bəyan ediblər
# 06 mart 2007 14:17 (UTC +04:00)
ABŞ-ın Kaliforniya ştatında yerləşən İrvine Universitetinin mütəxəssisləri “quş qripi” virusunun vətənini aşkarlayıblar. APA-nın məlumatına görə, mütəxəssislər virusun vətəninin Çin olduğunu açıqlayıblar. Mütəxəssislərin təhqiqatına görə, virus ilk dəfə ölkənin cənubundakı Guangdong bölgəsində ortaya çıxıb. Həmin vaxt bölgədə yüz milyonlarla qanadlı heyvan məhv edilib. Mütəxəssislərin hazırladığı hesabatda bölgənin hələ də virus mənbəyi olduğu, xəstəliyin yayılmağa davam etdiyi bildirilib. Qeyd edək ki, H5N1 virusu 2003-dən indiyədək 50 ölkədə yayılıb və 167 nəfər bu xəstəlikdən dünyasını dəyişib.
Bu arada elm adamları “quş qripi” ilə mübarizə aparmaq üçün yeni bir yola baş vurmağı planlaşdırıblar. Onlar 1919-cu ildə “ispan qripi”ndən dünyasını dəyişmiş ingilis diplomat Mark Sayksın məzarını açmağa hazırlaşırlar. Sayksın ailəsi məzarın açılmasına icazə verib. İngilis diplomatın cəsədi mühafizə olunan möhürlü bir tabutda basdırılıb. Məzarın açılması 4-5 ay çəkə bilər. Alimlər hesab edir ki, cəsədin üzərində araşdırma aparılması ilə virusun bədəndə necə hərəkət etdiyini, immunitetə təsirini müəyyənləşdirmək mümkündür. Mütəxəssislərin fikrincə, H5N1 virusu ilə 1918-1919-cu illərdə 50 milyon insanın ölümünə səbəb olmuş “ispan qripi” arasında paralelliklər mövcuddur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR