İstanbulda yoxa çıxan iranlı generalın ABŞ-a sığındığı bildirilir

İstanbulda yoxa çıxan iranlı generalın ABŞ-a sığındığı bildirilir
# 07 mart 2007 09:11 (UTC +04:00)
Qəzet yazıb ki, fevralın 7-də İstanbulda yoxa çıxmış İran müdafiə nazirinin keçmiş müavini Əli Rza Əsgəri ABŞ-dan siyasi sığınacaq istəyib və hazırda ailəsi ilə birlikdə bu ölkədə yaşayır. Qərb və İsrail mətbuatı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Tehranın nüvə proqramı və hərbi layihələri haqqında önəmli məlumatlara malik olan Ə. R. Əsgəriyə əməkdaşlıq təklif etdiyini, iranlı generalın isə özünə və ailəsinə sığınacaq verilməsi şərti ilə təklifi müsbət cavablandırdığını yazıblar. Təklif aldıqdan sonra Ə. R. Əsgəri əvvəlcə İranın müttəfiqi Suriyaya yollanıb (güman ki, şübhə çəkməmək üçün), fevralın 6-da isə təyyarə ilə Dəməşqdən İstanbula yollanıb. Onun gəlişindən əvvəl Türkiyə vətəndaşı olmayan iki nəfər (böyük ehtimalla ABŞ və ya İsrail xüsusi xidmət orqanlarının adamları) “Ceylan İntercontinental” otelində Ə. R. Əsgərinin adına yer sifariş ediblər. Ancaq general görüş yerinə gəlməyib. (Digər məlumata görə, gəldikdən qısa müddət sonra əşyalarını orada qoyaraq çıxıb və bir daha qayıtmayıb). Generalın əməkdaşlıqdan vaz keçməsindən narahat olan MKİ və “Mossad” əməliyyata başlayıblar və Ə. R. Əsgəri İstanbuldakı başqa bir oteldə yaxalanıb. Daha sonra o, öz arzusu ilə amerikalı agentlərlə birlikdə bu ölkəyə uçub. Ə. R. Əsgərinin yoxa çıxması Tehranı sözün əsl mənasında vəlvələyə salıb. Generalın xarici ölkələrdəki İran casuslarının adlarını ABŞ kəşfiyyatına ötürəcəyindən qorxan Tehran Avropa və Yaxın Şərq ölkələrindəki diplomatik pasportlu bütün agentlərini geri çağırıb. Paralel olaraq Ə. R. Əsgərinin yerini öyrənməyə çalışan İran Türkiyə hüquq-mühafizə orqanları ilə intensiv danışıqlara başlayıb, lakin Əsgərini gördüm deyən olmayıb.
İsraildə ümid edirlər ki, Ə. R. Əsgəri 1986-cı ildə Livan səmasında vurulan İsrail hərbi təyyarəsinin pilotu Ron Arad haqqında da yeni məlumatlar verə bilər. Belə ki, həmin vaxt Ə. R. Əsgəri İslam İnqilabı Keşikçiləri Korpusunun komandan müavini olub. Livan ərazisində əsir götürülən R. Aradın İrana təhvil verildiyi güman olunur. Digər tərəfdən, iranlı generalın qaçırılmasında “Mossad”ın adının hallanması İsraili narahat edib. Bütün ölkələrdəki İsrail səfirliklərinə təhlükəsizlik tədbirlərini gücləndirmək barədə göstəriş verilib. Tel-Əviv İsrail diplomatlarına hücum edilməsi, onların qaçırılmasına cəhd göstərilməsindən ehtiyatlanır.
Qeyd edək ki, Əli Rza Əsgəri İranın keçmiş müdafiə naziri Əli Şamxaninin müavini olub. O, uzun illər İranın Livan ərazisindəki kəşfiyyat fəaliyyətlərinə rəhbərlik edib və “Hizbullah”la əlaqələrə məsul olub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR