BMT-nin baş katibi Ban Ki Mun 8 Mart münasibəti ilə qadınları təbrik edib

BMT-nin baş katibi Ban Ki Mun 8 Mart münasibəti ilə qadınları təbrik edib
# 07 mart 2007 16:36 (UTC +04:00)
BMT-nin baş katibi Ban Ki Mun 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə qadınları təbrik edib. Bu barədə APA-ya BMT-nin Azərbaycandakı daimi nümayəndəliyindən məlumat verilib. BMT-nin baş katibi kimi ilk dəfə olaraq qadınları təbrik edən Ban Ki Munun təbrikində qeyd olunub ki, bu gün qadınlar və kişilər üçün bütün bəşəriyyəti əhatə edən bir məqsəd uğrunda birləşmək fürsətidir: “Qadınlara daha çox səlahiyyətlərin verilməsi özü-özlüyündə bir məqsəd deyil. Bu, planetdə hər kəs üçün daha yaxşı həyatın qurulması yolunda bir şərtdir. Heç kəs bu aşkar faktı şübhə altına ala bilməz. Heç kəs dünya liderlərinin gender bərabərliyi və hamı üçün insan haqlarının inkişaf, sülh və təhlükəsizliyin bərqərar olmasında mühüm şərtlər olmasını yenidən təsdiq etdikləri 2005-ci il Dünya Sammitinin yekunlarını inkar edə bilməz”.
Baş katib qeyd edib ki, bu gün dünyanın bütün ölkələrində qadınlar məsul vəzifələrdə hələ də daha az təmsil olunurlar. Qadınların əməyi hələ də daha az qiymətləndirilir, haqqı daha az ödənir və ya heç ödənmir. Məktəbdən kənar qalmış 100 milyondan çox uşağın əksəriyyəti qızlardır. Kitab oxumağı bacarmayan 800 milyondan çox yaşlının əksəriyyəti qadınlardır: “Ən pisi odur ki, qadın və qızlara qarşı zorakılıq bütün qitə, ölkə və mədəniyyətlərdə ləğv olunmamış problem olaraq qalır. Bu, qadınların həyatı, onların ailələri və bütün cəmiyyətə dağıdıcı zərbə vurur. Bir çox cəmiyyətdə bu cür zorakılıq qadağan edilib, lakin çox vaxt həqiqətdə bu fakt ya gizlədilir, ya da ona barmaqarası baxılır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR