İstanbulda yoxa çıxmış iranlı general ABŞ və İsrail kəşfiyyatı tərəfindən sorğu-suala çəkilir

İstanbulda yoxa çıxmış iranlı general ABŞ və İsrail kəşfiyyatı tərəfindən sorğu-suala çəkilir
# 09 mart 2007 10:55 (UTC +04:00)
İran müdafiə nazirinin keçmiş müavini Əli Rza Əsgəri ABŞ və İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlığa könüllü razılaşıb. APA-nın xəbərinə görə, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb. Qəzet yazıb ki, ailəsi ilə birlikdə ABŞ-a qaçışının təşkil olunmasının əvəzində o, İran rejiminin “Hizbullah”la gizli əlaqələrinə dair qiymətli informasiyalar verməyi vəd edib. Ərəb qəzeti “Əş Şərq Əl-Əusat” isə Ə. R. Əsgərinin hazırda şimali Avropa ölkələrinin birində ABŞ və İsrail kəşfiyyatının əməkdaşları tərəfindən sorğu-suala çəkildiyi barədə xəbər yayıb. Qəzet generala qarşı çox hörmətlə davranıldığını yazıb. 63 yaşlı Əli Rza Əsgərinin əməkdaşlığa cəlb olunması ABŞ və İsrail xüsusi xidmət orqanlarının böyük uğuru kimi qiymətləndirilir. “Mossad”ın keçmiş rəhbəri Danni Yatom onun uzun illər Livanda “çox-çox vacib” vəzifə tutduğunu bildirib. İsrail kəşfiyyatının məlumatına görə, Ə. R. Əsgəri 1980-ci illərin əvvəllərində “Hizbullah”ın yaradılması, maliyyələşdirilməsi və üzvlərinə hərbi təlim keçilməsində iştirak edib. “Hizbullah”ın keçirdiyi bəzi iri aksiyaların planlaşdırılmasında da iranlı generalın rol oynadığı güman olunur. Söhbət əsasən 1983-cü ildə ABŞ dəniz piyadalarının Beyrutdakı qərargahında baş verən partlayışdan gedir. Həmin vaxt bomba yüklənmiş yük maşını ilə hərbi hissəyə daxil olan kamikadzenin törətdiyi terror aktı nəticəsində 241 ABŞ hərbçisi həlak olmuşdu. Ə. R. Əsgərinin “Hizbullah”la əməkdaşlığının növbəti epizodu 1994-cü ildə Argentinanın paytaxtı Buenos-Ayresdə Yəhudi İctimai Mərkəzində baş vermiş partlayışla bağlıdır. Partlayış zamanı 80-dən çox adam ölmüşdü. Bu səbəblə Ə. R. Əsgəri İsrail üçün mühüm əhəmiyyət daşıyan fiqurdur. Onun verəcəyi məlumatlar “Hizbullah”a qarşı əməliyyatların uğurla nəticələnməsində ciddi rol oynaya bilər. Bundan başqa, iranlı general ötən ilin yayında “Hizbullah”ın əsir götürdüyü 2 İsrail əsgəri, eləcə də 1986-cı ildə Livan üzərində vurulmuş İsrail hərbi təyyarəsinin pilotu Ron Artad haqqında da qiymətli informasiyalar verə bilər. Tehrandakı anonim mənbə isə Ə. R. Əsgərinin dəyərli informasiya mənbəyi olmadığını bildirib. Onun dediyinə görə, 2005-ci ilin əvvəlində nazir müavini vəzifəsindən gedən general İranın müasir hərbi-texnoloji potensialı, o cümlədən nüvə proqramı haqqında məlumata malik deyil.
Xatırladaq ki, Ə. R. Əsgəri bu il fevralın 7-də İstanbulda yoxa çıxıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR