ABŞ dövlət katibinin müavini Daniel Frid: “Türkiyə “İncirlik” hərbi bazasını bağlaya bilər”

ABŞ dövlət katibinin müavini Daniel Frid: “Türkiyə “İncirlik” hərbi bazasını bağlaya bilər”
# 16 mart 2007 08:34 (UTC +04:00)
APA-nın xəbərinə görə, ABŞ dövlət katibinin müavini Daniel Frid bu bəyanatı Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa alt komitəsindəki çıxışında səsləndirib. Onun sözlərinə görə, rəsmi Ankara “İncirlik” bazasını bağlamaqla kifayətlənməyərək İraqla sərhəddəki “Habur” keçid məntəqəsinin fəaliyyətini və ABŞ hərbi təyyarələrinin Türkiyə hava sahəsindən istifadəsini də məhdudlaşdıra bilər. D. Frid İraqa hava yolu ilə yük daşımalarının 74 faizinin “İncirlik” vasitəsilə həyata keçirildiyini, koalisiya qüvvələrinin yanacaq təminatının 25 faizinin isə “Habur” keçid məntəqəsindən İraqa göndərildiyini bildirib. Dövlət katibinin müavini konqresmenlərin nəzərinə çatdırıb ki, bu sanksiyalar ABŞ-a çox baha başa gələ bilər. O, il ərzində iki seçkinin keçiriləcəyi Türkiyədə millətçiliyin populyarlaşdığını, Avropa ilə bağlı məyusluğun və anti-Amerika əhval-ruhiyyəsinin artdığını deyib. Bununla yanaşı, D. Frid 1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələri kütləvi qətl kimi xarakterizə edib. Avropa alt komitəsindəki dinləmələri idarə edən qurumun rəhbəri, Konqresdəki ABŞ-Türkiyə Dostluq Qrupunun sədri Robert Veksler də Türkiyədə anti-Amerika əhval-ruhiyyəsinin getdikcə gücləndiyini, “soyqırım” layihəsi keçərsə, ABŞ əleyhdarlığının daha da artacağını vurğulayıb. ABŞ-ın PKK-ya qarşı mübarizə üzrə koordinatoru, general Cozef Ralston və Pentaqonun təmsilçisi Daniel Fata da Türkiyə ilə münasibətlərin soyumasının ABŞ-ın İraq və Əfqanıstandakı əməliyyatlarını çətinləşdirəcəyini söyləyiblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR