ABŞ-ın nüfuzlu “Terror Free Tomorrow” təşkilatı: “Konqresin qondarma “erməni soyqırımı” barədə qanunu qəbul etməsi əks effekt verəcək”

ABŞ-ın nüfuzlu “Terror Free Tomorrow” təşkilatı: “Konqresin qondarma “erməni soyqırımı” barədə qanunu qəbul etməsi əks effekt verəcək”
# 09 aprel 2007 09:06 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, eyni zamanda təşkilatın Türkiyədə apardığı rəy sorğusu göstərib ki, qondarma soyqırımı qanunu Amerikanın Yaxın Şərqdəki maraqlarına dağıdıcı zərbə vuracaq.
“Terrordan Azad Sabah” bildirir ki, Konqresin hər iki palatasında qondarma soyqırımı barədə qanunun qəbul edilməməsi üçün Amerikanın millət vəkillərini bu addımın nə dərəcədə ABŞ-Türkiyə münasibətlərinə dağıdıcı zərbə vuracağına inandırmaq lazımdır. Təşkilatın 2007-ci ilin yanvar-fevral ayları ərzində Türkiyənin 15 vilayətində apardığı rəy sorğusu göstərib ki, mövqeyi soruşanların 78%-i qondarma soyqırımı barədə istənilən sənədin qəbul edilməsinə etiraz edir. Eyni zamanda respondentlərin 42%-i hesab edir ki, Konqres bu məsələdə obyektiv mövqe nümayiş etdirə bilməz, 36% soyqırımın heç vaxt baş vermədiyini, 18% isə tarixçilərin bu barədə qərar verməsini vacib sayıb.
Əgər Konqres qondarma soyqırımı barədə sənədə səs verərsə, 83% respondent Türkiyənin İraq əməliyyatında ABŞ-a dəstəyinə ciddi etiraz edəcək, 78%-i ABŞ məhsullarını boykot edəcək, rəsmi Vaşinqtonun bəyənmədiyi namizədlərə səs verəcək və nümayiş keçirəcək. Mövqeyi soruşanların yalnız 11%-i heç bir addım atmayacağını deyib.
Digər tərəfdən, 30%-ə yaxın insan Ankara ilə Vaşinqton arasında diplomatik münasibətlərin dondurulmasını məqbul sayıb. Respondentlərin 73%-i bu addımın Ermənistanla onsuz da mövcud olmayan əlaqələrə xələl gətirəcəyini, 84%-i isə Amerika barədə müsbət rəyin dəyişəcəyini bildirib.
Qeyd edək ki, “Terrordan Azad Sabah” təşkilatının məsləhət şurasının üzvləri sırasında Amerikanın məşhur Respublikaçı Senatoru və 2008-ci ildə keçiriləcək prezidentliyə namizəd Con Makkeyn və 11 sentyabr hadisələrini tədqiq etmiş komissiyanın həmsədrləri Tomas Kean və Li Hamilton da var. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR