Daniel Frid: “Türkiyə Ermənistanla sərhədləri açmalı və bu dövlətlə normal münasibətlər qurmalıdır”

Daniel Frid: “Türkiyə Ermənistanla sərhədləri açmalı və bu dövlətlə normal münasibətlər qurmalıdır”
# 16 aprel 2007 10:39 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Vaşinqtonda keçirilən mətbuat konfransında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Daniel Frid söyləyib. O, Vanda Akdamar kilsəsinin açılışını müsbət qiymətləndirib: “Türkiyə hökumətinin ölkənin şərqində erməni kilsəsini bərpa etməsi addımını müsbət dəyərləndiririk. Kilsə hətta muzey kimi fəaliyyət göstərsə belə, Ankaranın bu addımı təqdirəlayiqdir. Türkiyə cəmiyyətində bu kimi tendensiyalar güclənməkdədir. Hrant Dinki ekstremistlər öldürsə belə, yüz minə yaxın türk küçələrə çıxaraq “Hamımız erməniyik, hamımız Qrantıq” şüarını səsləndirdi. Bu, millətçiliyə qarşı səsləndirilən şüar idi. Türkiyə cəmiyyətindəki bu tolerantlığı müşahidə etmək xoşdur”. Daniel Frid Türkiyə hökumətinin ABŞ Konqresində “erməni soyqırımı” ilə bağlı qanunun qəbul olması ehtimalı ilə bağlı rəsmi Vaşinqtonu heç zaman hədələmədiyini və şantaj etmədiyini deyib: “Sizi inandırıram ki, Türkiyə heç zaman bu qanun qəbul olunacağı təqdirdə cavab addımları atacağını bəyan etməyib. Ankara bildirib ki, türk ictimai rəyi bu qanunun qəbulunu təhqir kimi dəyərləndirəcək. Bundan başqa Türkiyə hökuməti bildirib ki, Konqres adı çəkilən qanunu qəbul etsə, o zaman Türkiyə Böyük Millət Məclisi də ABŞ-a qarşı analoji addımlar ata bilər. Bu, şantaj deyil, bir az fərqli yanaşmadır”. Türkiyəni ABŞ-ın müttəfiqi adlandıran Daniel Frid bu ölkədə dərin demokratik islahatlar getdiyini vurğulayıb: “Onilliklər ərzində Türkiyədə formal demokratiya mövcud olub, son 10-20 ildə isə demokratiya prinsipləri bu ölkədə möhkəmlənməyə başlayıb. Buna misal olaraq söz azadlığı anlayışının daha geniş miqyası əhatə etməsini, mülki cəmiyyət strukturlarının möhkəmlənməsini, hərbçilərin idarəetmədə rolunun məhdudlaşdırılmasını göstərə bilərəm. Bu istiqamətlər ötən əsrin əvvəllərində Türkiyədə ermənilərin kütləvi şəkildə qırılması mövzusunu müzakirə etməyə imkan verir. Türk ictimaiyyəti bu hadisələrin pisləməyə başlayıb. Biz həmin ağrılı dövrdə, yaxud Türkiyə tarixində qara ləkə adlandırdığımız həmin illərdə baş verənlərin araşdırılması cəhdlərini dəstəkləyirik. Türkiyə bu cür şübhəli keçmişə malik yeganə ölkə deyil. ABŞ tarixində də fəxr edə bilməyəcəyimiz çoxlu misallar var. ABŞ tarixinin qara ləkələrinə quldarlığı, hindulara qarşə sərt münasibəti və s. göstərə bilərəm”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR