2006-cı ildə dünyada qaçqınların sayı 14 faiz artıb

2006-cı ildə dünyada qaçqınların sayı 14 faiz artıb
# 20 iyun 2007 08:52 (UTC +04:00)
2006-cı ildə dünyada qaçqınların sayı 14 faiz artaraq 10 milyona çatıb. APA-nın məlumatına görə, bu barədə məlumat BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının bu gün qeyd olunan Ümumdünya Qaçqınlar Günü ilə bağlı yaydığı illik hesabatında əksini tapıb. Hesabat müəllifləri bu artımı İraqdakı böhranla əlaqələndirib. Sənəddə bildirilir ki, keçən il qaçqınların sayına görə liderlik Əfqanıstana məxsus olub. Bu ölkənin 2,1 milyon vətəndaşı başqa dövlətlərdə sığınacaq tapıb. Vətəndən didərgin düşən iraqlıların sayı isə 1,5 milyon olub. Ali Komissarlıq Sudandan olan 686 min, Somalidən olan 460 min, Konqo Demokratik Respublikasından olan 400 min qaçqına yardım etdiyini də açıqlayıb: “Bu insanların əksəriyyəti qaçqın düşərgələrində yaşayır və beynəlxalq humanitar yardıma ehtiyac duyur”. Hesabatda qeyd olunur ki, Ali Komissarlığın himayəsində digər kateqoriyadan olan insanlar da var, bunlar məcburi köçkünlər və vətəndaşlığı olmayan şəxslərdir. Sənədə əsasən keçən il vətəndaşlığı olmayan şəxslərin sayı iki dəfə artıb. Ekspertlərin fikrincə, bu, qeydiyyat sisteminin yaxşılaşması ilə əlaqədardır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR