Dmitri Medvedevin prezidentliyə namizədliyi ABŞ-ı maraqlandırmır

Dmitri Medvedevin prezidentliyə namizədliyi ABŞ-ı maraqlandırmır
# 11 dekabr 2007 08:08 (UTC +04:00)
“Dmitri Medvedevin Vladimir Putin tərəfindən prezidentliyə namizəd göstərilməsi Rusiyanın daxili işidir. Qoy bununla Rusiya siyasətçiləri məşğul olsun”. APA-nın Rusiya mənbələrinə istinadən verdiyi məlumata görə, Ağ Evin mətbuat katibi Dana Perino bu bəyanatla çıxış edib. O, ABŞ prezidenti Corc Buşun Dmitri Medvedevlə nə vaxtsa görüşüb-görüşmədiyi barədə sualı cavablandırmaqda çətinlik çəkib. Dövlət katibi Kondoliza Rays isə bildirib ki, Corc Buş administrasiyasını Rusiyada prezidentin kim olduğu yox, bu ölkədə demokratiyanın necə strukturlaşması və necə işləməsi maraqlandırır. O, Rusiyanın beynəlxalq izolyasiyasına qarşı çıxaraq “böyük səkkizlər” və digər beynəlxalq strukturlar çərçivəsində bu ölkə ilə qarşılıqlı fəaliyyəti davam etdirməyə tərəfdar olduğunu deyib: “Mən hakimiyyətin Kremlin əlində cəmləşməsi mövzusunu ruslarla müzakirə etmişəm. Onlara demişəm ki, siz hakimiyyətin müxtəlif institutlar arasında bölünməsini istəmirsiniz. Ancaq Kremldə kimin oturmasının mənim üçün fərqi yoxdur. Əgər bütün hakimiyyət prezidentin əlində cəmləşibsə, bu, demokratik inkişafda problem olduğunu göstərir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR