Kolumbiyada sərnişin avtobusunun yandırılması nəticəsində 10 nəfər ölüb

Kolumbiyada sərnişin avtobusunun yandırılması nəticəsində 10 nəfər ölüb
# 14 dekabr 2007 08:25 (UTC +04:00)
Kolumbiyada ekstremistlər tərəfindən sərnişin avtobusu yandırılıb. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, hadisə Soqamoso şəhəri yaxınlığında baş verib. Üç nəfər gənc avtobusu ələ keçirməyə cəhd göstərib. Sərnişinlərin müqaviməti ilə üzləşən gənclər benzin tökərək avtobusu yandırıblar. Nəticədə 2 cinayətkar da daxil olmaqla 10 nəfər yanaraq ölüb. Cinayətkarlardan biri isə polis tərəfindən yaxalanıb.
Qeyd edək ki, UNESCO-nun məlumatlarına əsasən Kolumbiya gənclər arasında cinayətkarlığın səviyyəsinin ən yüksək olduğu ölkədir. Ölkədə 15-24 yaşlı gənclərin 40%-i müxtəlif zorakılıqlar nəticəsindən həyatını itirir. Hakimiyyətin işini çətinləşdirən məqamlardan biri də odur ki, küçələrdə cinayətlər törədən qruplar və narkokartellərlə yanaşı, ölkədə radikal sağçı və solçu qruplaşmaların silahlı dəstələri də fəaliyyət göstərir. Bu qruplaşmalardan ən böyüyü Kolumbiyada sosialist dövlətinin qurulması uğrunda 1964-cü ildən bəri silahlı mübarizə aparan Kolumbiya İnqilabi Silahlı Qüvvələri (FARC) adlı təşkilatdır. Bu təşkilatın 15-17 min nəfərdən ibarət silahlı dəstəsi var. Onlar əsasən adam oğurluğu ilə məşğul olur. Son 20 ildə Kolumbiyada 31 mindən çox adam oğurlanıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR