ABŞ Səudiyyə Ərəbistanına 20 milyard dollar dəyərində silah satmağa hazırlaşır

ABŞ Səudiyyə Ərəbistanına 20 milyard dollar dəyərində silah satmağa hazırlaşır
# 12 yanvar 2008 09:32 (UTC +04:00)
ABŞ və Səudiyyə Ərəbistanı arasında 20 milyard dollar dəyərində silah alqı-satqısı ilə bağlı müqavilə imzalanacaq. APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, sövdələşmə prezident Corc Buşun yanvarın 14-də Səudiyyə Ərəbistanına səfəri zamanı elan ediləcək. Bundan sonrakı 30 gün ərzində Konqres sövdələşməyə razılıq verməlidir.
Qeyd edək ki, Ağ Ev Səudiyyə Ərəbistanına silah satışı barədə hələ ötən ilin payızında açıqlama verərək bunun İrandan qaynaqlana biləcək mümkün təhlükələri önləmək planının tərkib hissəsi olduğunu bəyan edib. Səudiyyə Ərəbistanına peyk vasitəsilə hədəfə yönəldilən yüksək dəqiqliyə malik bombalar, hərbi gəmilər və modernləşdirilmiş hərbi təyyarələr veriləcək. İsrail hökuməti əvvəlcə sövdələşmədən narahat olaraq Səudiyyə Ərəbistanının bu silahlardan gələcəkdə ona qarşı istifadə edə biləcəyini bildirib. Buş administrasiyası bu narahatlığı aradan qaldırmaq üçün İsrailə hər il hərbi yardım məqsədilə verdiyi maliyyə vəsaitini 30 milyard dollara çatdıracağını açıqlayıb. ABŞ Konqresinin 186 üzvü də Səudiyyə Ərəbistanına müasir hərbi texnologiyalar verilməsini narahatlıqla qarşılayıb. Hətta onlardan biri bu razılaşmaya veto qoyacağını elan edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR