Florida ştatında keçirilən ilkin seçkilərdə Con Makkeyn və Hillari Klinton qalib gəliblər

Florida ştatında keçirilən ilkin seçkilərdə Con Makkeyn və Hillari Klinton qalib gəliblər
# 30 yanvar 2008 08:18 (UTC +04:00)
APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, respublikaçıların yarışında senator C. Makkeyn 36%, Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romni 31%, Nyu-Yorkun sabiq meri Rudolf Culiani 15%, Arkanzas ştatının keçmiş qubernatoru Mayk Hakkabi isə 14% səs toplayıb. C. Makkeynin qələbəsi bir çox amerikalı şərhçi tərəfindən sensasiya kimi qiymətləndirilib. Çünki senator respublikaçıların payızda keçiriləcək ümummilli qurultayında prezidentliyə rəsmi namizəd olmaq üçün real şans əldə edib. Floridadakı “praymeriz”ə “stavka” edən və bu ştatda apardığı seçkiqabağı kampaniyaya 30 milyon dollar xərcləyən R. Culianinin üçüncü yeri tutması da sensasiya sayılır. CNN keçmiş merin C. Makkeynin xeyrinə yarışdan çəkiləcəyi barədə xəbər yayıb. Senatorun ətrafındakı şəxslər isə deyiblər ki, C. Makkeyn R. Culianini onun seçkiqabağı kampaniyasında iştirak etməyə çağıracaq.
Qeyd edək ki, bu il Floridada keçirilən ilkin seçkinin vaxtı önə çəkildiyi üçün proses respublikaçıların Milli Komitəsi tərəfindən sanksiyaya məruz qalıb. Buna əsasən Floridadakı “praymeriz”in nəticələri ümummilli qurultayda qismən (bu ştatdan seçilmiş nümayəndələrinin yarısının səsi) nəzərə alınacaq.
Floridada demokrat namizədlərin yarışında isə senator Hillari Klinton 50% səs alaraq parlaq qələbə qazanıb. Onun əsas rəqibi, senator Barak Obama 33%, keçmiş senator Con Edvards isə 14% səs yığıblar. Floridada da “praymeriz” vaxtından əvvəl keçirildiyi üçün nəticələr rəsmi xarakter daşımır və H. Klintonun qələbəsi simvolik sayılır. Ancaq Floridadakı ilkin seçki namizədlərin reytinqi və imici baxımından böyük əhəmiyyətə malik olduğundan proses ABŞ və dünya mediası tərəfindən diqqətlə izlənilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR