ABŞ BMT-yə məktub göndərərək, İranla ön şərtsiz danışıqlara hazır olduğunu bəyan edib

ABŞ BMT-yə məktub göndərərək, İranla ön şərtsiz danışıqlara hazır olduğunu bəyan edib
# 09 yanvar 2020 10:21 (UTC +04:00)

ABŞ-ın BMT yanında daimi nümayəndəsi, xanım Kelli Kraft qurumun Təhlükəsizlik Şurasına məktub göndərərək, regionda gərginliyin aradan qaldırılması üçün Vaşinqtonun İranla heç bir ön şərtsiz danışıqlara başlamağa hazır olduğunu bildirib.

APA-nın xəbərinə görə, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

K. Kraft qeyd edib ki, Birləşmiş Ştatlar bundan sonra da İran rejimi tərəfindən beynəlxalq sülhə və stabilliyə təhlükə yaranmasına, yaxud eskalasiyaya yol verməməyə çalışır.

Bundan başqa, xanım diplomat məktubunda bildirib ki, iranlı general Qasım Süleymaninin öldürülməsi BMT Nizamnaməsinin dövlətlərə özünü müdafiə hüququ verən 52-ci maddəsi ilə ziddiyyət təşkil etmir, əksinə bu maddəyə uyğun addımdır.

“ABŞ-ın “Həşdi-Şaabi” İraq şiə qiyamçılarına endirdiyi aviazərbələr İran və onun dəstəklədiyi qruplaşmalar tərəfindən Amerika qüvvələrinə silsilə hücumlara cavab və Yaxın Şərqdə maraqlar nəzərə alınaraq həyata keçirilib”, - deyə o, məktubunda qeyd edib.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ-a məxsus pilotsuz uçuş aparatından endirilən zərbələr nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Qüds” Qüvvələrinin komandanı general Qasım Süleymani və İraqın şiə könüllülərdən ibarət “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis də daxil olmaqla, 10 nəfər öldürülüb.

İran buna cavab olaraq ABŞ-ın İraqdakı iki hərbi bazasına raket zərbələri endirib. ABŞ tərəfi itki verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR