ABŞ əfqan qaçqınlar üçün yer sayını artıracaq

Pentaqonun mətbuat katibi Con Kirbi

© APA | Pentaqonun mətbuat katibi Con Kirbi

# 27 avqust 2021 23:27 (UTC +04:00)

ABŞ öz ərazisindəki əfqan qaçqınlar üçün yer sayını 50 minə çatdıracaq və onların yerləşdirilməsi üçün daha üç hərbi baza ayıracaq.

APA xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Con Kirbi jurnalistlərə verdiyi açıqlamada bildirib.

“Müdafiə Nazirliyi xüsusi vizalı əfqan miqrantların, onların ailə üzvlərinin və digər risk qrupu nümayəndələrinin təxliyəsi ilə bağlı ABŞ əməliyyatlarına dəstək verilməsi barədə dəniz piyadalarının Kuantiko (Virciniya ştatı), Fort-Pikett (Virciniya ştatı) bazalarının və Holoman aviabazasının (Nyu-Meksiko ştatı) göstəriş aldığını elan edə bilər”, - Kirbi belə deyib.

Bundan əvvəl ABŞ dörd hərbi bazada 22 min nəfərə qədər qaçqın qəbul etməyə hazır olduğunu bildirmişdi.

“Müdafiə Nazirliyi ABŞ-yə 50 minə qədər əfqanın müvəqqəti olaraq köçürülməsində Dövlət Departamentinə köməyini davam etdirəcək”, - deyə Kirbi əlavə edib.

Onun sözlərinə görə, təxminən 7 min əfqan qaçqın artıq ABŞ-yə gəlib və hazırda sənədləşmə işləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR