ABŞ "Əl-Qaidə" terrorçu lideri haqqında məlumata görə 7 milyon dollar vəd edib

ABŞ Dövlət Departamenti

© APA | ABŞ Dövlət Departamenti

# 03 iyun 2021 03:30 (UTC +04:00)

ABŞ “İslam Məğribi ölkələrində Əl-Qaidə” terror qruplaşmasının lideri Əbu Übeyd Yusuf əl-Anabi haqqında məlumat üçün 7 milyon dollar mükafat elan edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

ABŞ rəhbərliyinin qənaətinə görə, əlcəzairli əl-Anabi onun ilk “əmir”i Abdelmalek Drukdelin Malidə fransız xüsusi qüvvələri tərəfindən məhv edilməsindən sonra terror qrupuna rəhbərlik edir.

Əl-Anabinin adı 2015-ci ildən ABŞ-ın, 2016-cı ildən isə BMT-nin sanksiya siyahılarında yer alıb.

Dövlət Departamenti bildirir ki, “İslam Məğribi ölkələrində Əl-Qaidə” bir sıra terror aktlarına, o cümlədən amerikalıların qaçırılması və öldürülməsinə görə məsuliyyət daşıyır. Qruplaşma “Əl-Qaidə”nin tərkibinə aiddir və 2006-cı ildən bəri bəzi Afrika ölkələrində filialı hesab olunur.

Dövlət Departamenti xatırladır ki, “Ədalət naminə mükafatlandırma” proqramı çərçivəsində 1984-cü ildən bəri 200-dən çox insan haqqında məlumat üçün 200 milyon dollardan çox pul ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR