ABŞ Konqresinə COVID-19-un laboratoriyadan sızması ehtimalı ilə bağlı hesabat təqdim olunub

ABŞ Konqresinə COVID-19-un laboratoriyadan sızması ehtimalı ilə bağlı hesabat təqdim olunub

© APA | Uhan Virusologiya İnstitutu

# 02 avqust 2021 12:36 (UTC +04:00)

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü Respublikaçı Maykl Makkol yeni növ koronavirus (COVID-19) infeksiyasının laborator mənşəli olması ilə bağlı iddianın lehinə arqumentlərdən ibarət ilkin hesabatı təqdim edib.

APA-nın xəbərinə görə, bu barədə "Fox News" telekanalı bildirib.

"Dəniz məhsulları satılan bazarın virusun mənşəyi olduğu qənaətindən əl çəkməyin vaxtıdır. Bir çox dəlillər sübut edir ki, virus sentyabrın 12-dən əvvəl Uhanın Virusologiya İnstitutundan insident nəticəsində yayılıb", - deyə hesabatda qeyd olunub. Respublikaçı Makkol Konqresdəki hər iki partiyanı bu məsələni birgə araşdırmağa çağırıb.

Hesabatda Uhan Virusologiya İnstitutunun virusların genetik modifikasiyası üzərində işlədiyi iddia olunur. Bu tədqiqat mərkəzində mümkün təhlükəsizlik problemlərinə işarə olunur. Bildirilir ki, 2019 -cu ilin yayında İnstitut hava təhlükəsizlik sistemləri, təhlükəli tullantıların təmizlənməsi və ventilyasiyanı yeniləmək üçün mütəxəssislərin axtarılması barədə elan yerləşdirib.

"The Hill" qəzeti isə bildirib ki, hesabatın müəllifləri təkzibedilməz sübutlara malik olduqlarını iddia etmirlər, onların məqsədi Çinin hərəkətlərinə qanuni çərçivədə cavab hazırlamaqdır.

Hesabatın müəllifləri İnstitutun elmi işçilərinə və Çin Kommunist Partiyasının COVID-19-un yayılmasının erkən mərhələlərində epidemiya əleyhinə tədbirlərdən məsul üzvlərinə qarşı sanksiyalar tətbiq edilməsini tələb edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR