Haiti prezidentinin qətli ilə bağlı daha bir polis əməkdaşı saxlanılıb

Haiti prezidentinin qətli ilə bağlı daha bir polis əməkdaşı saxlanılıb
# 31 iyul 2021 07:49 (UTC +04:00)

Haiti prezidenti Jovenel Moizin qətli ilə bağlı aparılan istintaq çərçivəsində dördüncü polis əməkdaşı Uilyam Moiz saxlanılıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Haiti Milli Polisinin yaydığı məlumatda qeyd olunub.

“Onlar (həbs edilmiş agentlər) cinayət zamanı silahlı muzdluları müşayiət ediblər”, - deyə qurumun nümayəndəsi Mari Mişel Verye mətbuata açıqlamasında bildirib. O, cinayət zamanı həmin şəxslərin iştirakının detallarına toxunmayıb.

Cinayət faktı ilə bağlı artıq üç polis məmuru – Bonni Qreqori, Klipson Şarl və Jan Eddi Şarl həbs edilib. Veryenin sözlərinə görə, daha 9 agent də saxlanılıb və evlərində FTB tərəfindən axtarış aparılıb.

Haiti polisi mərhum prezident Jovenel Moizin öldürülməsi ilə əlaqədar 46 məhkəmə dindirməsi aparıb, silahlı hücumda iştirak etməkdə günahlandırılan və 18-i Kolumbiya vətəndaşı olmaqla 27 nəfəri həbs edib. Daha 6 nəfər hazırda axtarışdadır, onların arasında “silahlı və təhlükəli” keçmiş senator, keçmiş hakim və iş adamı da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR