Pentaqon xidməti itlərin Kabildə saxlanılması ilə bağlı xəbərləri təkzib edib - YENİLƏNİB

Pentaqon xidməti itlərin Kabildə saxlanılması ilə bağlı xəbərləri təkzib edib - YENİLƏNİB
# 01 sentyabr 2021 02:58 (UTC +04:00)

Pentaqon ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması zamanı xidməti itlərin orada tərk edilməsi ilə bağlı xəbərləri təkzib edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Kabildə tərk edilmiş xidmət itlər haqqında məlumat “American Humane” qeyri-kommersiya təşkilatı tərəfindən verilmişdi. Heyvan haqlarının müdafiəçisi kimi tanınan təşkilat rəhbərliyi hadisədən hiddətləndiklərini və “ABŞ ordusunda çalışan cəsur xidməti itlərin işgəncə və ölümlə üzləşəcəklərini” bildirmişdilər.

“Yanlış xəbərlərə təkzib olaraq: ABŞ əsgərləri Kabilin Həmid Kərzai adına Beynəlxalq Hava Limanında xidməti itlər də daxil olmaqla heç bir iti qəfəsə tərk etməyib”, - deyə Pentaqonun mətbuat katibi Con Kirbi “Twitter” səhifəsində yazıb.

O bildirib ki, internetdə yayılan görüntülərdə Kabil heyvan sığınacağı üçün tutulmuş ev heyvanlarının görüntüləri əks olunub və ABŞ ordusu ilə heç bir əlaqəsi yoxdur.

***

Saat 21:08

ABŞ-ın heyvanların hüquqlarını müdafiə edən “American Humane” qeyri-kommersiya təşkilatı Əfqanıstandan təxliyə zamanı xidməti itləri çıxarmadığına görə ölkə rəsmilərini tənqid edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, təşkilatın rəhbəri həmin canlıları ölüm gözlədiyini bildirib.

“Amerika hökumətinin Kabili tərk edərkən ABŞ ordusunda xidmət edən cəsur itləri orada tərk etməsi xəbərləri məni şoka saldı, onları orada düşmənlərimizin əlində işgəncə və ölüm gözləyir”, - deyə təşkilat rəhbəri Robin Hansert qeyd edib.

Xatırladaq ki, Pentaqon ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasının başa çatdığını və 20 illik missiyanın bitdiyini açıqlayıb. Xarici missiyalarda çalışan əcnəbilərin və əfqanların təxliyəsinin aparıldığı Kabil hava limanı “Taliban”ın nəzarətinə keçib. “Taliban” sözçüsü Zabiullah Mücahid ABŞ-ın Əfqanıstanda məğlub olduğunu və məqsədlərinə çata bilmədiyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR