Bu il Azərbaycanda ötən ilkinə nisbətən daha az sahədə yazlıq bitkilər əkilib

Bu il Azərbaycanda ötən ilkinə nisbətən daha az sahədə yazlıq bitkilər əkilib
# 25 iyul 2008 10:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyunun 20-i vəziyyətinə olan ilkin məlumatlara görə, Azərbaycanda 408,1 min hektar və yaxud keçən ildəkindən 2,4% az sahədə yazlıq bitkilər əkilib. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ümumi əkin sahəsinin azalmasına əsas səbəb keçən ilin payızında cari ilin məhsulu üçün payızlıq dənlilərin əkin sahəsinin genişləndirilməsi olub. Bununla belə, 30,9 min hektarda (47,2% çox) dənli və dənli paxlalı bitkilər (qarğıdalısız), 9,5 min hektarda (9,2% çox) dən üçün günəbaxan, 68,3 min hektarda (1,8% çox) kartof, 6,5 min hektarda (3% çox) şəkər çuğunduru, 86,1 min hektarda isə (5,9% çox) çoxillik otlar səpilib. Bu ilin iyulun 1-i vəziyyətinə 863,1 min hektar taxıl sahəsinin və ya ümumi əkin sahəsinin 57,5%-i biçilib, həmin sahələrində 1 311,1 min ton məhsul toplanıb. Hər hektardan orta hesabla 26,4 sentner və ya keçən ildəkindən 0,5 sentner çox məhsul götürülüb.
Cari ildə ötən ilə nisbətən payızlıq dənlilərin əkin sahəsinin genişləndirilməsi və məhsulun tez yetişməsi ümumi istehsala müsbət təsir edib, nəticədə ötənilki səviyyədən 140,4 min hektar çox taxıl sahəsi biçilib, məhsul istehsalı 388,7 min ton və ya 42,1% çox olub. Bununla belə, rayonların 1/3-də 70%-dən yuxarı taxıl sahəsi biçilərək məhsulu toplanılıb.
Mövsümün əvvəlindən sahələrdən 247 min ton və ya keçən ilin müvafiq dövründəkindən 8,9% çox kartof, 277,1 min ton (5,1% çox) tərəvəz, 20,1 min ton (43,6% çox) ərzaq üçün bostan məhsulları, 70,2 min ton (16,8% çox) meyvə və giləmeyvə toplanıb.
Tütünün əkin sahəsinin keçən ilə nisbətən 25,5% azalması məhsul istehsalına mənfi təsir edib. Belə ki, quru tütünə çevrilməklə keçən ildəkinin 38,9%-i qədər, yəni 15,4 ton tütün yarpağı yığılıb. Çay plantasiyalarından isə 176,1 ton və ya 52,2% az yaşıl çay yarpağı toplanıb.
Bundan başqa, bu ilin birinci yarısında diri çəkidə 145,8 min ton ət, 687,8 min ton süd, 503,3 mln. ədəd yumurta istehsal edilib, 12,7 min ton qoyun yunu qırxılıb. Ötən ilin birinci yarısına nisbətən diri çəkidə ət istehsalı 2,7 min ton və ya 1,9%, süd istehsalı 18 min ton və ya 2,7%, yumurta istehsalı 58,4 mln. ədəd və ya 13,1%, yun istehsalı isə 0,4 min ton və ya 3,1% artıb.
İyulun 1-i vəziyyətinə keçən ilin eyni tarixi ilə müqayisədə qaramalın sayı 2,4% artaraq 2 533,5 min başa, o cümlədən inək və camışların sayı 2,5% artaraq 1 222,5 min başa, qoyun və keçilərin sayı 2,3% artaraq 8 316,4 min başa çatıb.
Cari ilin yanvar-iyun aylarında quşçuluq fabriklərində 20,3 min ton quş əti və 194,8 mln. ədəd yumurta istehsal edilməklə onların həcmi keçən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,7% və 30,5% artıb. Ötən il iyulun 1-i ilə müqayisədə fabriklərdə quşların sayı 9,2%, o cümlədən yumurtalayan toyuqların sayı 1,4% çoxalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR