Naxçıvanda istehsal olunan buğda dövlət tərəfindən mərkəzləşmiş qaydada satın alınır

Naxçıvanda istehsal olunan buğda dövlət tərəfindən mərkəzləşmiş qaydada satın alınır
# 28 iyul 2008 10:10 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu - APA Naxçıvanda fermerlər tərəfindən istehsal olunan buğda məhsulları dövlət tərəfindən mərkəzləşmiş qaydada satın alınır. Naxçıvan Muxtar Respublikası (MR) İqtisadi İnkişaf Nazirliyindən APA-ya verilən məlumata görə, istehsal olunan buğdanın könüllülük prinsipi əsasında artıq Naxçıvan MR “Taxıl və Çörək Məmulatları” ASC tərəfindən 40 qəpikdən alınması prosesinə başlanılıb. Nazirlikdən bildirilib ki, əhali növündən asılı olmayaraq, buğdanın 40 qəpikdən olmaqla mərkəzləşmiş qaydada satılmasında maraqlıdır. «Əhalidən toplanılan taxıl üçün ölkənin digər bölgələri ilə müqayisədə daha baha qiymətin təklif olunması, keyfiyyətindən asılı olmayaraq buğdanın eyni qiymətə - 40 qəpiyə alınması məhsulun könülü olaraq Naxçıvan MR “Taxıl və Çörək Məmulatları” ASC-yə satılmasına maraq yaradır”, - deyə nazirlikdən qeyd olunub.
Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyindən isə APA-ya bildirilib ki, toplanılan məhsuldan regionda taxıl ehtiyatının yaradılması üçün istifadə olunacaq. Nazirlikdə hesab edirlər ki, bu il regionda əkilən taxıl sahələrinin artması buna imkan verəcək: “Bu il 33 min 441 hektar sahədə taxıl əkilib ki, bu da ötən illə müqayisədə 9 min 453 hektar artıq sahə deməkdir. Bu il 30 min 50 hektar sahədə buğda, 3 min 391 hektar sahədə isə arpa əkilib”.
Taxıl istehsalını artırmaq məqsədilə bu ilk dəfə olaraq MR-in müəssisə və təşkilatları tərəfindən də 5 min 605 hektar sahədə taxıl əkilib ki, bunun da 4 min 368 hektarını buğda təşkil edir. Cari il ərzində Naxçıvan MR-də fəaliyyət göstərən müəssisə və təşkilatlara buğda istehsalı ilə əlaqədar 174 min 720 manat həcmində kredit və 476 ton gübrə verilib.
Qeyd edək ki, Naxçıvanda taxıl fondu yaradılması məqsədilə Naxçıvan şəhərinin Əliabad yaşayış məntəqəsində ümumi tutumu 38 000 ton olan taxıl anbarları inşa olunur. Həmin anbarlarda taxıl məhsullarının 18 000 tonunun uzunmüddətli, 20 000 tonunun isə qısamüddətli saxlanılması təmin ediləcək. İyulun sonu-avqustun əvvəllərində istifadəyə veriləcək anbarlarda Türkiyə Respublikasından gətirilmiş avadanlıqların quraşdırılması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR