Azərbaycan prezidenti kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanlar ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə sərəncam imzalayıb

Azərbaycan prezidenti kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanlar ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə sərəncam imzalayıb
# 21 avqust 2008 16:24 (UTC +04:00)
APA-nın xəbərinə görə, sərəncamda göstərilib ki, Azərbaycanda aparılan uğurlu və dinamik sosial-iqtisadi siyasət nəticəsində artıq bir neçə ildir ki, aqrar sahədə daxili istehsal hesabına əhalinin bir sıra kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi mümkün olub. Kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən müddətli vergi güzəştləri ilə bərabər, keçən ildən dövlət tərəfindən onlara yanacaq, motor yağlarının və mineral gübrələrin alınmasında güzəştlər edilir, dövlət və özəl toxumçuluq təsərrüfatlarına yetişdirdikləri toxumlara görə subsidiyalar verilir. Bununla yanaşı, kənd təsərrüfatı məhsulları istehsalçılarının buğda toxumuna, mineral gübrələrə və damazlıq heyvanlara olan ciddi ehtiyacı ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində əlavə tədbirlərin görülməsini şərtləndirir.

Prezident ölkədə kənd təsərrüfatı məhsulları istehsalını daha da artırmaq, məhsul istehsalçılarının yüksək reproduksiyalı buğda toxumu və mineral gübrələrlə təminatını yaxşılaşdırmaq, habelə damazlıq heyvandarlığı inkişaf etdirmək məqsədi ilə bir sıra tədbirləri nəzərdə tutan sərəncam imzalayıb.

Sənədə görə, kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq, istehsalçıların yüksək reproduksiyalı buğda toxumuna, cins damazlıq mal-qaraya və mineral gübrələrə olan tələbatını yaxşılaşdırmaq, mineral gübrələrin və texnikanın saxlanılması üçün xüsusi anbarların tikintisinin təmin edilməsi məqsədi ilə 2008-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinə 25 (iyirmi beş) milyon manat vəsait ayrılacaq.

Ayrılmış vəsait hesabına 2008-2009-cu illərdə buğda toxumunun istehsalı ilə məşğul olan dövlət və özəl toxumçuluq təsərrüfatlarına dövlət vəsaiti hesabına idxal olunan yüksək reproduksiyalı buğda toxumunun satış qiymətinin 50 faizinə, buğda istehsalçılarına isə mineral gübrələrin satış qiymətinin 70 faizinə dövlət tərəfindən güzəşt veriləcək.

Ölkədə kənd təsərrüfatı heyvanlarının məhsuldarlığının yüksəldilməsi, mövcud heyvan cinslərinin yaxşılaşdırılması və damazlıq heyvanların sayının artırılması məqsədi ilə 2008-2009-cu illərdə xaricdən damazlıq heyvanların idxal olunması və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satılması həyata keçiriləcək.

Mineral gübrələrin, habelə dövlət vəsaiti hesabına alınan kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların müvafiq standartlara uyğun saxlanılması üçün xüsusi anbarların layihələndirilməsi və tikintisi həyata keçiriləcək.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR