İsmət Abbasov: «Bu il Azərbaycana 1000 baş yeni cins heyvan gətiriləcək»

İsmət Abbasov: «Bu il Azərbaycana 1000 baş yeni cins heyvan gətiriləcək»
# 22 avqust 2008 14:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinə ayrılmış 25 mln. manat vəsaitin 10 mln. manatı mineral gübrələrin alınmasına, 6,5 mln. manatı regionlarda gübrə anbarlarının tikintisinə, 5 mln. manatı buğda toxumuna, 3 mln. manat damazlıq heyvanların idxalı, 500 min manatı isə ölkəyə gətirilən damazlıq heyvanların saxlanılması şəraitinin yaxşılaşdırılmasına sərf ediləcək.

«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. Nazirin sözlərinə görə, sərəncamla ölkəyə idxal olunan yüksək reproduksiyalı toxum, gübrə, eyni zamanda damazlıq heyvanların gətirilməsi vasitəsi ilə aqrar sahənin dinamik inkişafını yüksək səviyyədə təmin ediləcək. Həmçinin, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində də müvafiq işlərin həyata keçirilməsi şərait yaradılacaq.

İ. Abbasovun sözlərinə görə, ölkəyə yüksək məhsuldarlı cins heyvanlar Avropa ölkələrindən gətiriləcək ki, həmin cinslər Azərbaycanda rayonlaşmış olacaq: «Ümumiyyətlə bu il ərzində Azərbaycana 1000 baş yeni cins heyvanın gətirilməsi nəzərdə tutulub və yeni cinslərin ölkəyə idxalı növbəti illərdə də davam etdiriliəcək».

Nazir 2007-ci il payızlıq və 2008-ci ilin yazlıq dənli və dənli paxlalıların 2,5 mln. ton olmasının gözlənildiyini, bunun da təxminən 1,350 mln. tonunun taxıl, 1,150 mln. tonunun isə ərzaq buğdası təşkil edəcəyini bildirib.

Bundan başqa, bu ilin 7 aylıq göstəricilərinə görə, heyvandarlıq sahəsində artım 3,2% təşkil edib və bu göstərici dövlət və özəl təsərrüfatlarda artmaqda davam edir.
Xatırladaq ki, kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanlar ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə sərəncam bu ilin avqustun 21 də imzalanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR